Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

Mətləb Salahov: “Real iş yerlərinin yaradılması bu bölgədə əhali məskunlaşmasını sürətləndirə bilər”
“Qarabağ bölgəsində real iş yerlərinin və iqtisadi hərəkətliliyin yaradılması Bakının sosial yükünü xeyli azaldacaq. İşğaldan azad edilmiş ərazilərdə əhalinin maddi marağını təmin edəcək infrastruktur layihələrin işə salınması əhalinin bu bölgəyə olan axınına səbəb olacaq”. Bu barədə jurnalist-ekspert Mətləb Salahov “Bakı xəbər”ə açıqlamasında bildirib. O qeyd edib ki, son illər daha çox gəlir əldə etmək, real iş yerləri qazanmaq və sosial müdafiəsini gücləndirmək üçün Bakıya əhali axını başlayıb. “Bu, əslində normal haldır. İnsanlar sənaye şəhərlərinə tarix boyu güclü maraq edib. Bu hər zaman belə də olacaq. Başqa bir tərəfdən bu həm də o deməkdir ki, bu gün Azərbaycanın maddi və iqtisadi mərkəzi faktiki olaraq Bakı şəhəridir. Burda məsələ real gəlir və müxtəlif çoxvariantlı iş yerlərinin olmasından gedir. Amma həm ənənəvi kənd təsərrüfatı bölgələrimizdə, həm də bir neçə ildir ki, işğaldan azad edilib sosial infrastruktur yaradılan Qarabağ bölgəsində əhalinin maddi marağına səbəb olan sistem formalaşdırmaq olduqca vacib məsələdir.
Yəni vətəndaş bilsə ki, Kəlbəcərdə, Şuşada, Laçında onun maddi gəlirinə cavab verən real qazanc yerləri var, sosial infrastruktur qurulub, o zaman insanlar Bakıdan könüllü olaraq yaşamaq və işləmək üçün o bölgələlərə üz tutacaqlar. Çünki qazanc, gəlir yerləri hardadırsa, insanlar ora axın edirlər. Bu labüd prosesdir. Lakin bu gün real olan vəziyyət belədir ki, bütün bölgələrdən Bakıya sürətli axın var və üstəlik gəlib Bakıda məskunlaşma prosesi gedir.
Bu, sözün əsl mənasında bölgələrdə xoşagəlməz sosial mənzərə yaradan, kənd təsərrüfatının və yerli istehsalın sürətlə azalmasına gətirib çıxaran təhlükəli tendensiyadır. Əgər işğaldan azad olunmuş ərazilərdə real iş yerləri və köklü istehsal sahələri yardılmasa, o zaman paytaxt Bakı daha ciddi sosial gərginliklə üzləşəcək.”
Namiq Quliyev