Naxçıvandan Bakıya meyvə tingləri gətirmək qadağan olunub - kim?

Akif Nəsirli: “Müvafiq dövlət qurumları Naxçıvandan Bakıya meyvə tinglərinin gətirilməsini təmin etməlidir”
Hazırda ölkədə yaz fəsli ilə əlaqədar olaraq bütün regionlarda əkinçilik və yeni meyvə ağaclarının əkilmə dövrüdür. Lakin son günlər bəzi vətəndaşların iddialarına görə, Naxçıvan Muxtar Respublikasının ərazisindən Bakıya meyvə tinglərinin gətirilməsi ilə bağlı problemlər var.
Vətəndaşlar bildiriblər ki, meyvə tinglərinin karqo vasitəsilə Naxçıvandan Bakıya gətirilməsinə icazə verilmir. Maraqlıdır, meyvə tinglərinin Naxçıvandan Bakıya daşınmasında problem nədədir?
“Tinglərin xaricdən idxal olunması yerinə onların daxildə yetişdirilməsi, Naxçıvandan ölkənin digər ərazilərinə gətirilməsi daha münasibdir”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Naxçıvandan Bakıya meyvə tinglərinin gətirilməsinə heç bir əngəl törədiıə bilməz. Ancaq ölkə iqtisadiyyatı inhisarçı iqtisadiyyatdır: “Ölkəyə meyvə və digər dekorativ tinglərin gətirilməsi, becərilməsi ilə məşğul olan inhisarçı şirkətlər var. Həmin şirklətlər də Azərbaycanın yüksək çinli məmurlarına, məmura bağlıdır. Ola bilsin ki, həmin məmurun hər hansı bir dövlət qurumlarına qeyri-rəsmi göstərişinə əsasən belə bir problem yaradılır”.
Ekspert hesab edir ki, müvafiq dövlət qurumları Naxçıvandan Bakıya meyvə tinglərinin gətirilməsini təmin etməlidir. Bu problem həll olunmalıdır: “Məlumdur ki, Naxçıvan Azərbaycanla quru sərhədə malik deyil. O da bəllidir ki, Azərbaycan hökumətinin bir nömrəli qayğılarından biri Naxçıvan iqtisadiyyatının inkişaf etməsidir. Tinglərin Naxçıvanda yetişib, ölkənin digər ərazilərinə gətirilməsi o bölgənin iqtisadiyyatının inkişaf etdirilməsi, tingçilik təsərrüfatının inkişafı deməkdir. Həmçinin, bu gün meyvə və dekorativ tinglərin, demək olar ki, xeyli hissəsi xaricdən idxal olunur. Həmin tinglərin xaricdən idxal olunması yerinə onların daxildə yetişdirilməsi, Naxçıvandan ölkənin digər ərazilərinə gətirilməsi daha münasibdir. Bu səbəbdən də hesab edirəm ki, müvafiq dövlət qurumları məlum problemin həlli istiqamətində çevik reaksiya verməli, yaranan problem tezliklə həll olunmalıdır”.
Günel CƏLİLOVA