Kənd Təsərrüfatı Nazirliyinin Agentliyində və Mərkəzində nələr baş verir...

Aqrar sahədə yarıtmaz məmur idarəçiliyi kənd təsərrüfatında məhsuldarlığı ciddi səkildə aşağı salır
Bu gün ölkənin kənd təsərrüfatı tənəzzül dövrünü yaşayır. Bu səbəbdən də ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan təlabatının yarıdan çoxu xaricdən idxal edilir.
Nəticədə həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşır, həm də bütün məhsullar xarici valyuta hesabına, o cümlədən də ABŞ dollarına alındığından maliyyə sferasında dollara tələbat artır.
Ötən il ölkəyə 21,1 milyard dollar dəyərində mal və məhsul idxal edilib ki, bunun da 5 milyard dollardan çoxunu, yəni 25 faizini kənd təsərrüfatı mənşəli ərzaq məhsullarının idxalı təşkil edib. Digər amillərlə yanaşı, həm də bu tendensiyanın təsiri altında ötən il ölkədə dollara tələbat təxminən 2,2 dəfə artıb.
Bütün bu problemlərin kökündə isə dayanan əsas məsələ ölkədə kənd təsərrüfatının ildən-ilə tənəzzülə uğramasıdır. Bu tənəzzülun səbəbi nədir?
Əslində ölkənin kənd təsərrüfatına yararlı geniş torpaq sahələri, aqrar sahəni inkişaf etdirmək üçün çeşidli potensiallar mövcuddur. Lakin bu potensialı reallaşdıra bilmirik. Səbəb isə aqrar sektoru idarə edən dövlət qurumunun - Kənd Təsərrüfatı Nazirliyinin öz işini günün tələbləri səviyyəsində qura bilməməsidir. Nazirliyin belə başabəla və yarıtmaz kadırlarından ikisi hüquq-mühafizə orqanlari tərəfindən artıq zərərsizləşdirilib.
Belə ki, bu günlədə Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələrin təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət etmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
2023-cü ildən etibarən AXA-ya Sərdar Hacıyev sədr təyin edilib.
AXA Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə KTN yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.
1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin isə direktoru Orxan Hüseynovdur və bu mərkəzin də tərkibində kifayət qədər vacib bölmələr var.
Ola bilsin ki, cəmiyyətdə dinləyici səviyyəli vətəndaşlarımız aqrar sahədə bu qurumların idarəetmə keyfiyyətinin təsirlərini əhəmiyyətli hesab etmir. Amma bütün sahələrdə, o cümlədən də aqrar sahədə dövlət idarəetməsinin mühüm əhəmiyyəti var. Məsələn, ölkəyə gətirilən kənd təsərrüfatı texnikasının qeydiyyatı və digər sənədlərinın alınması üçün şirkət rüşvət verirsə, bu, texnikanın maya dəyərinə oturur və onu bahalaşdırır. Nəticədə texnika fermer üçün əlçatmaz olur.
Bunu daha bir misalla izah etməyə çalışacağıq.
Məlum olduğu kimi, Azərbaycan hökuməti aqrar sahənin çox geniş spektrına yardım, yəni subsidiya verir. Fermerlər həmin subsidyanın hər 100 manatından 75 manatına Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ifşa edilən qurumlarının müəyyənləşdirdiyi şirkətlərdən vasitələr alırlar. Yəni bu qurumlar müvafiq şirkətləri seçib, fermərlərin subsidiya hesabındaki pula gübrə, pestisid, toxum və s. bu kimi vasitələr satırlar. Yəni bu məbləğ nağdlaşdırıla bilmir. Nazirliyin strukturları tərəfindən seçilmiş şirkətlər isə fermerlərin onlara təhkim edilməsindən sui-istifadə edərək, ən keyfiyyətsiz vasitələri ölkəyə idxal edib, onu fermerlərə ən yüksək qiymətə satırlar. Fermerlər isə naəlac qalıb həmin keyfiyyətsiz vasitələri fermer kartındakı vəsait hesabına alırlar. Çünki fermer həmin pulla bazardan heç nə ala bilməz, yalnız Nazirliyin müəyyən etdiyi şirkətlərdən vasitələr ala bilər. Nəticədə, subsidiyadan Kənd Təsərrüfatı Nazirliyinin seçdiyi həmin sirkətlər bəhrələnir. Həmin surkətlər isə əldə etdiyi mənfəətin bir hissəsini, yəqin ki, Nazirliyin bu cür mənfur əməkdaşlarına rüşvət şəklində verir.
Əslində Nazirlik seçdiyi şirkətlərin idxal və ya istehsal etdiyi vasitələrin keyfiyyətinə nəzarət etməyə borcludur. Lakin Nazirlik bu nəzarəti həyata keçirmir, əvəzində şirkətlərdən "otkat" alır. Nəticədə büdcədən kənd təsərrüfatınin inkişafı üçün ayrılmış vəsaitdən Nazirliyin seçdiyi şirkətlər və məmurlar faydalanır.
Belədə isə saxta və ya zəif dozalı dərmanlar zərərvericilərə təsir etmir, məhsulu sıradan çıxarır, keyfiyyətsiz, məhsuldarlığı aşağı olan toxumlar isə gözlənilən məhsuldarlığı vermir və s. Sonda ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsal həcmi azalır.
Bu yalnız bir nümunədir. Biz Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz idarəetnəsinin digər istiqamətlərdə də təsirləri barədə səlis məlumatlara malikik. Növbəti yazılarımızda digər istiqamətlərdəki çatışmazlıqlardan söhbət açacağıq. Bizi izləməyi unutmayın.
Akif NƏSİRLİ