Saxta ev yağları ilə milləti illərlə zəhərləmiş işbazlar cəzasız buraxıla bilməz...

Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb. "Westfood" və "Beloruskiy Kray" yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Bu yağ uzun müddətdir ki, kərə yağı adı altında satışa çıxarılırdı. Məlum məhsulun kərə yağı olmadığı artıq müəyyən edilib. Maraqlıdır, indiyə kimi baha qiymətə satılan bu yağa görə kim və necə məsuliyyət daşımalıdır?
Eyyub Hüseynov: “Müxtəlif adlarla təqdim olunan yağların tərkibi heç də 100 faiz kərə yağı deyil”
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, müxtəlif adlarla təqdim olunan yağların tərkibi heç də 100 faiz kərə yağı deyil: “İstehsal prosesində daha çox bitki yağlarından istifadə edilir. Hazırda kiloqramı 20 manatdan aşağı kərə yağı yoxdur. Bu da bəzi işbazlara imkan yaradır ki, bazara daha çox saxta məhsullar çıxartsın. Danılmaz faktdır ki, son zamanlar AQTA bununla bağlı hərəkətə keçib. Amma bu kafi deyil. Bu gün bazarlarda və ticarət şəbəkələrində kifayət qədər saxta yağlar var”.
Ağa Salamov: “Bəzi “kərə yağı” adı altında satılan yağlar var ki, insan orqanizmində fəsadlara yol açır”
Qida məsələləri üzrə ekspert Ağa Salamovun sözlərinə görə, bəzi “kərə yağı” adı altında satılan yağlar insan orqanizmində fəsadlara yol açır: “Belə qarışıq yağlar insanda ürək-damar, mədəaltı vəz, qara ciyər xəstəliklərinə səbəb olur. Nehrə yağı var və onun tərkibi çox faydalı yağ turşuları, vitamin və minerallarla zəngindir. Kərə yağı heyvan mənşəli yağdır və süddən əldə olunur. Onun bitki tərkibli olması mümkün deyil. Əgər kərə yağında bitki yağı varsa, onu qatılaşdırmaq üçün istifadə ediblər. Həmin yağlar hidrogen püskürtməklə müəyyən bir istiliyə, məsələn, 250 dərəcəyə çatdırılır. Bunu edirlər ki, bitkinin qoxusunu dəyişsinlər. Nəticədə, qatı bir maddə əldə edilir və ona rəng, dadlandırıcılar vurub kərə yağı adı ilə satırlar. Yağlılığı 82 faiz təşkil edən kərə yağını qatqısız saymaq olar. Onun yağlılığının 82 faiz olub-olmaması laboratoriya nəticələri ilə bilinə bilər”.
Günel CƏLİLOVA