Xalqın qürur yeri - Emil Şıxəlizadə

Ölümündən sonra əbədiyaşarlıq qazanmaq hər kəsə nəsib olmur. Qaldı ki, özünü biləndən həyatının dəyərini Vətənə, xalqa təmənnasız xidmətdə görənlər heç vaxt unudulmur. Lənkəran rayonunun Gərmətük qəsəbəsində boya-başa çatan Emil Şahin oğlu Şıxəliyevin bu işıqlı dünyaya gəlib getməsi cəmi 22 il oldu. 44 günlük haqq savaşımızda canın doğma Azərbaycana qurban etməklə əbədiyyətin ən uca, ünyetməz zirvəsinə ucaldı. Nəsibi şəhidlik zirvəsindən boylanmaq səadəti olan Emili xalq özünə iftixar mənbəyi, qürur yeri bilir. Qərinələr keçəcək yenə onun adı yaddaşlarda yaşayacaq.
Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəman oğlanlardan bir olan Emil Şıxəliyev Gərmətük qəsəbəsində orta məktəbi başa vurub. Ürəyi sevdalı yeniyetmə müstəqil həyata qədəm qoyanda onda olan Vətən eşqi, yaratma, yaşatmaq həvəsi insanları heyran qoyub. Yüksək əxlaqı, insanpərvərliyi, canına hopmuş qeyrət, mərdlik hissi onun öz millətinə ləyaqətli oğul olmasından xəbər verib. Emil yağıdan qisas almağı özünə əsas amal sayıb, elə orduya bu məqsədlə yola düşüb.
2017-ci ildən cəbhə bölgəsində Vətənin keşiyində duran Emil ona layiqli övlad kimi ləyaqətlə xidmət edib. Mərdliyi, cəsarəti, dosta sədaqəti onu əsgərlərin, zabitlərin ən sevimlisinə çevirib. Hansı tapşırığa gedibsə, igidliyinə görə fərqlənib. Çətin təlimlərdə belə uğur qazanıb, öz şəxsi nümunəsi ilə əsgər yoldaşlarının ürəyində Vətənə məhəbbət, cəsurluq, kişilik, dığalara nifrət hissi alovlandırıb. Necə deyərlər, Vətən torpaqların bütövlüyü naminə yaşının çərçivəsinə sığmayan işlər görüb, cənnət-misal Qarabağımızı əsarətdə saxlayan erməni cəlladlardan qisas almaq üçün məqam axtarıb.
Emil əsgərlikdən sonra yağıdan alacağı öcə görə orduda qalıb. Ermənistan işğalçı hərbi birləşmələrinin 2020-ci ilin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücuma keçib. Başlanan İkinci Qarabağ müharibəsinin ilk günündə Emil Şıxəliyev odlu səngərdə öz yerini alıb. Füzulinin, Cəbrayılın, Qubadlının mənfur düşməndən təmizlənməsində rəşadət göstərib. Hər dəfə savaş meydanında yağıya ciddi itkilər verib. Qəhrəman Vətən sevdalısı oktyabrın 18-də atası Şahinlə danışanda deyib: - Ata, bu müharibə o müharibə deyil. Bizim müharibə qələbə müharibəsi olacaq.
Oktyabrın 22-də Füzuli istiqamətində ağır döyüşlər başlanıb. Qartal tək yağı üstə şığıyan Emil onların xeyli canlı qüvvəsini məhv edib. Təəssüf ki, özü də qarşı tərəfdən atılan artilleriya mərmisi nəticəsində şəhadətə qovuşub. Beləcə Vətən torpağının azadlığı uğrunda canını qurban verən qəhrəman əbədi olaraq milyonların ürəyinə köçüb. Dövlət də onu daimi ucalıqda saxlamaq üçün şəhid Emil Şıxəliyevi “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medallarla təltif edib.
Bəli, ənənəyə görə hər il şəhid Emil Şıxəlizadənin doğum günü xalq, doğmaları tərəfindən böyük məhəbbətlə anılır və barəsində unudulmayan xatirələr danışılır. Ölümsüzlüyə qovuşan qəhrəmanın 27 yaşının tamamında da belə oldu. Həmçinin Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru və əməkdaşları şəhidin ailəsini ziyarət etdilər. Ziyarət zamanı mədəniyyət nümayəndələri bildirdilər ki, 44 günlük haqq savaşımızda Azərbaycanın qeyrətli oğulları bir daha göstərdilər torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Emil də əzəli yurd yerlərimizin azadlığı uğrunda şirin canından keçdi. Göstərdiyi şücaət ona ölməzlik gətirdi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü