Ölkəmizə turist axını zəifləyib - səbəblər...

Ramin Qafarov: “Müasir turist tipi bir gecəyə 200-300 dollar vermək istəmir, aşağı, orta büdcəli turist qəbuluna üstünlük verilməlidir”
Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb.
Maraqlıdır, ölkəyə gələn turistlərin sayı niyə azalıb?
“Bu gün bölgələrdə adi qutab əcnəbi vətəndaşa 20-30 manata satılır, təbii ki, bunu görən bir də həmin yerə səfər etməyəcək”
Turizm sahəsi üzrə mütəxəssis Ramin Qafarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, daha çox turist cəlb etmək üçün aşağı büdcəli otellərin sayı artırılmalıdır: “Azərbaycana gələn turistlərlə bağlı bəzi ölkələrlə sadələşdirilmiş viza rejimi və yaxud da vizaların aradan qaldırılması həyata keçirilsə də, əslində, Bakıdan kənarda olan digər beynəlxalq hava limanları işinin daha səmərəli təmin olunması və yaxud da bəzi ölkələrlə viza prosedurlarının tamamən aradan qaldırılması, vizanın birbaşa aeroportda alınmasının tətbiq olunması ölkəyə gələn turistlərin sayına öz təsirini göstərəcək. Onu da deyim ki, Azərbaycanda hökumət, nədənsə, elitar turizmə üstünlük verir, hər yerdə beşulduzlu otellər tikilir. Müasir turist tipi isə bir gecəyə 200-300 dollar vermək istəmir. Aşağı, orta büdcəli turist qəbuluna üstünlük verilməlidir.
Azərbaycan da turizm məkanı kimi hər zaman çalışmalıdır ki, ölkəyə əlçatanlığı, istirahət qiymətlərini daha uyğun hala gətirsin ki, qlobal turistlər də məhz istirahət, səyahət üçün Azərbaycanı seçsinlər. Nəzərə almaq lazımdır ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu səbəbdən də turist sayının yüksəlməsi üçün müəyyən işlər görülməlidir. Həm hotellərin qiymət siyasəti dəyişməlidir, həm bölgələrdə xarici turistin cəlbi üçün şərait yaradılmalıdır. Bu gün bölgələrdə adi qutab əcnəbi vətəndaşa 20- 30 manata satılır. Təbii ki, bunu görən bir də həmin yerə səfər etməyəcək. Elə etmək lazımdır ki, turistin ayağı çəkilməsin. Birdən-birə çox qazanmaq yox, daim qazanmaq haqqında düşünmək lazımdır”.
Günel CƏLİLOVA