Naxçıvan sakinindən kəskin sual - 1 litr Sirab niyə 1 litr benzin qiymətinədir?...

Kamran Məmmədli: “Yerli istehsal baha olmamalıdır”
Azərbaycanda yerli mineral sular xaricdən, xüsusilə də Gürcüstandan idxal edilən mineral suların qiymətindən baha satılır. Bu problem zaman-zaman sosial şəbəkədə müzakirə edilib. Son zamanlar TikTok platformasında da yerli istehsal mineral suların satış qiymətinin yüksək olması müzakirə olunur.
Naxçıvanlı istifadəçilər qeyd edir ki, benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat olduğu halda, 1 litr Sirab da eyni məbləğə təklif olunur. Maraqlıdır, yerli istehsal mineral suların qiyməti niyə yüksəkdir?
“Yerli mineral suların satış qiymətinin yüksək olması şirkətin xərcləri ilə bağlıdır, həm işçilərin xərcləri, həm məsafənin uzaq olması qiymətə təsir edir”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yerli istehsal olan məhsulların qiymətinin artımı süni xarakter daşıyır: “Ancaq onu da deyim ki, yerli mineral suların satış qiymətinin yüksək olması şirkətin xərcləri ilə bağlıdır. Həm işçilərin xərcləri, həm məsafənin uzaq olması qiymətə təsir edir. Həmçinin, qablaşdırma da qiymətə təsir edir. Məlumdur ki, suların doldurulması üçün istifadə olunan qab ölkəyə idxal olunur. Bu da qiymətdə özünü göstərir. Qiymət siyasəti istehsalçı şirkətlər tərəfindən müəyyən edilir, onlar qiyməti təyin etməkdə sərbəstdir. Şirkətlər həm öz xərclərini, həm də bazar rəqabətini nəzərə alıb qiyməti təyin edir. İndi sosial şəbəkədə fikir bildirmək ən asan işdir. Ancaq bir məhsulun ortaya çıxması heç də asan deyil. Mineral sular Azərbaycandan çıxsa da, onun marketdə istehlakçıya təqdim olunması uzun yol qət edir”.
Həmsöhbətimiz hesab edir ki, yerli istehsal baha olmamalıdır. Yerli istehsal məhsulların qiymətinə nəzarət olunmalıdır: “Yerli istehsala önəm vermək lazımdır. Azərbaycanda bu sahədə yerli istehsal onsuz da yaxşıdır.
Leyla QARAXANLI