Orta məktəb müəllimlərinin "Tik-Tok" macəralarından narazılıqlar başlayıb...

Yaşından, cinsindən, peşəsindən asılı olmayaraq bu gün hər kəs sosial şəbəkə istifadəçisidir. Son zamanlar “TikTok” platformasında vaxt keçirənlər artıb. Qeyd etdiyimiz platforma milli mənəvi dəyərləri təbliğ etmir. Ancaq buna baxmayaraq “TikTok”da qeydiyyatdan keçənlərin, hətta paylaşım edənlərin sayı günü gündən artır.
Maraqlı məqam ondan ibarətdir ki, bu platformanın istifadəçiləri arasında orta məktəb müəllimləri də üstünıük təşkil edir. Qeyd edək ki, orta məktəblərdə müəllimlərin qısa videolar çəkərək, “TikTok” və digər sosial media platformalarında paylaşması geniş yayılıb. Bu tendensiya isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Elşən Qafarov: “Müəllim yazılarına, paylaşdığı şəkillərə diqqət etmirsə, bu nüfuzunun aşağı düşməsinə səbəb olacaq”
Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, , müəllimin müəllimlik fəaliyyəti təkcə sinifdə, məktəbdə deyil, cəmiyyətdə də davam edir: “Bu gün cəmiyyyətin böyük əksəriyyəti sosial şəbəkə istifadəçisidir. Müəllim də sosial şəbəkədə aktiv olmalı, elmi müzakirə açmalıdır. Orta Asiya ölkələrində belə bir təcrübə var. Müəllimin mütləq sosial şəbəkə üzərində profilləri olmalıdır. Orada öz fəaliyyəti ilə bağlı tərbiyəvi materiallar paylaşmalıdır. Şagirdlər müəllimlərin səhifəsini izləməklə həm də öyrənirlər. Eyni zamanda onların tərbiyələnməsi təkcə məktəb, siniflə bitmir. Bu baxımdan çox gözəl təcrübədir. Hər bir müəllimin “Facebook”, “TikTok”, “Instagram” səhifəsi olmalıdır. Müəllimlər orada əlavə biliklər paylaşmalıdırlar. Müəllimin sosial şəbəkədə fəaliyyəti təlim-tərbiyə ilə bağlı olmalıdır. Müəllim özünü sosial şəbəkədə qorumalıdır. Əgər müəllim yazılarına, paylaşdığı şəkillərə diqqət etmirsə, bu nüfuzunun aşağı düşməsinə səbəb olacaq. Buna görə də müəllimlər sosial şəbəkədən effektiv istifadə etməlidirlər. Onların sosial şəbəkə ünvanları məktəbədəki fəaliyyəti ilə üst- üstə düşməlidir”.
Elçin Əfəndi: “Hələ də sosial platformalarda müəllimlərin şagirdləri ilə birlikdə trendlərə qoşulması hallarının şahidi oluruq, bu da…”
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, sosial şəbəkə platformaları üzərindən müəllimlərin şagirdləri ilə birlikdə videolar çəkməsi və ya ümumi dərs prosesindən görüntülərin yayılmasını nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin etik davranış qaydaları haqqında ümumi sənəd hazırlanıb. Bu da bütün təhsil müəssisələrinə göndərilib ki, təhsil verənlər həmin qaydalarla tanış olub, məlumatlansınlar: “Lakin buna baxmayaraq, hələ də sosial platformalarda müəllimlərin şagirdləri ilə birlikdə trendlərə qoşulması hallarının şahidi oluruq. Həmin görüntülər auditoriyada, dərs zamanı çəkilirsə, bununla bağlı aidiyyatı qurumlar ölçü götürməlidir. Əgər dərsdən kənar bir fəaliyyət istiqamətinə daxildirsə, o zaman burada müəllimə qarşı inzibati qaydada hər hansısa qərarın qəbul olunması doğru olmaz. Sadəcə inzibati qaydada tədbir görülməlidir. Yaxşı olar ki, asudə vaxtlarında və ya tənəffüsdə maarifləndirici xarakterli işlər görüb, şagirdləri dərsdən kənar harasa ekskursiyaya, muzeylərə aparsınlar. Bu zaman müəyyən görüntülər çəkib, paylaşmaq digər müəllimlər üçün də faydalı nümunə olar. Müəllimlər ilk növbədə öz ictimai nüfuzunu, reputasiyasını düşünməlidir”.
Günel CƏLİLOVA