Qar uçqununda həlak olan hərbi qulluqçularımız dəfn edildi - FOTO

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Həmidov Rüstəm Ruslan oğlu Bərdədə dəfn edilib.
Vida mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP Bərdə Rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon sakinləri və hərbiçilər iştirak edib.
Cənazə namazından sonra Rüstəm Həmidov Güloğullar kənd qəbirstanlığında dəfn edilib. Ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Qar uçqunu nəticəsində itkin düşərək həlak olan və ötən gün nəşi aşkarlanan müddətli həqiqi hərbi xidmət qulluqçusu İmanov Əli Tariyel oğlu isə Sabirabad rayonunda torpağa tapşırılıb.
Əli İmanovun nəşi Sabirabadda izdihamla qarşılanıb və doğulub boya başa çatdığı Muğan Gəncəli kəndinə gətirilib, vida mərasimi olub və cənazə namazı qılınıb. Sonra onun nəşi dəfn üçün kənd məzarlığına gətirilib. Dəfn mərasimində ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.
İmanov Əlinin nəşi kənd məzarlığında torpağa tapşırılıb. Əli İmanovun tabutuna bükülən Bayraq qardaşına təqdim olunub.
ZÜMRÜD