Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

Aynur Əliyeva: “Boşanmaların qarşısını almaq üçün sosial-iqtisadi xarekterli işlər görülməlidir”
Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit olunması ilə bağlı təkliflər hazırlayır.
Bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.
Məlum təklif ictimaiyyət arasında narazılığa səbəb olub. Hesab edilir ki, boşanmaq istəyən bu qərara gəlibsə psixoloq ona heç də edə bilməyəcək, əksinə, həmin şəxs pul itirəcək. Danılmaz faktdır ki, ölkədə psixoloq qiyməti heç də ucuz deyil.
“RisQ qrupuna daxil olan ziddiyyətli ailələr üçün pul ödəyib psixoloq yanına getmək inandırıcı görünmür, bu səbəbdən də…”
Psixoloq Aynur Əliyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, cütlüklər boşanmaqla bağlı qərarlarında qətidirlərsə, o zaman burada psixoloq heç nə edə bilməz: “Boşanmaların artmasının səbəbləri bəllidir. Maddi sıxıntı, evsizlik, ailə böyüklərinin müdaxiləsi və s. cütlüklərin ayrılmasına səbəb olur. Boşanma ərəfəsində olan cütlüklərin psixoloji dəstək alması onların öz problemlərini daha obyektiv şəkildə dəyərləndirməsinə və effektiv ünsiyyət qurmasına şərait yarada bilər. Bu psixoloqlar Mediasiya Şurasının tərkibində ödənişsiz olaraq fəaliyyət göstərəcəklərsə, təqdirəlayiq hal kimi dəyərləndirilə bilər. Yox əgər bu proses pullu olacaqsa heç bir effekt verməyəcək. Azərbaycanda fəaliyyət göstərən psixoloqların qəbul qiymətləri kifayət qədər yüksək olduğu üçün orta statistik əhalinin bu məbləği ödəməyə imkanı çatmır. Bir seans üçün az qala aylıq əməkhaqqının yarısı qədər məbləğ tələb edilir. Risq qrupuna daxil olan, ziddiyyətli ailələr üçün də o məbləği ödəyib psixoloq yanına getmək inandırıcı görünmür. Bu səbəbdən də boşanan cütlüklərin psixoloqa müraciət etməsi heç bir effekt verməyəcək.
Danılmaz faktdır ki, bu gün ölkədə boşanmaların sayı ildırım sürəti ilə artır. Boşanmaların qarşısını almaq üçün sosial-iqtisadi xarekterli işlər görülməlidir. Elə ailələr ki, maddi sıxıntıya görə ailəsini dağıdır, eləsi də var ki, sərbəst olmaq üçün boşanırlar, bəziləri də aliment almaq üçün ayrılır. Problemin kökü araşdırılıb, çıxış yolu tapılmalıdır. Boşanma sayının artması vəziyyətin pisləşməsini, ailə dəyərlərinin məhv olmasını göstərir. Bu gün uzun ömürlü, mehriban ailələrin sayı artıq azalmaq üzrədir”.
Günel CƏLİLOVA