“Ailələri dağıdan qadınlardır" - Komitəyə ekspertlərdən reaksiyalar...

Müasir dövrdə boşanmaların sayı günü-gündən artır. Cəmiyyətdə stereotip və baxışlar dəyişib. Statistika göstərir ki, nikaha xitam verənlərin əksəriyyəti gənclərdir. 2024-cü ilin ilk 10 ayında boşanmaların sayı nikahlardan daha çox olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinə rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 073 nikah və 17 907 boşanma halı qeydə alınıb. Azərbaycanda boşanmaların təşəbbüskarlarının 70 faizinin qadınlar olduğu iddia edilir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib. O bildirib ki, qadınlar boşanmalara səbəb kimi məişət zorakılığı faktları, xarakterin uyğun olmadığını səbəb göstərirlər.
Mehriban Zeynalova: “Bu gün boşanmalara əsas səbəb məhz tərəflər arasında problemlərin danışaraq həll olunmamasıdır"
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edi ki, bütün boşanmaların səbəbkarı yalnız kişilər və ya qadınlardır demək olmaz. Bəzi hallarda üçüncü şəxslərin müdaxiləsi də boşanmalara səbəb olur: “Ümumilikdə hər bir ailəyə görə boşanmaların səbəbi fərqli ola bilər - iqtisadi problemlər, dini və sosial təsirlər, xəyanət, psixoloji münasibətlərin normal olmaması və sair. Bu gün boşanmalara əsas səbəb məhz tərəflər arasında problemlərin danışaraq həll olunmamasıdır. Bu da o deməkdir ki, cütlüklərin problem həll etməyə potensialı və gücü yoxdur. Bu cür olduğu təqdirdə də digər şəxslər münasibətə qarışır və nəticədə ailələr dağılır”.
Aynur Əliyeva: “Nişanlılıq və sevgililik dönəmlərində olan bütün gizlinlər məhz bu dövrdə aşkara çıxır, bu vəziyyətdən ən çox qadınlar narahat olur”
Psixoloq Aynur Əliyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xasiyyətlərin uyğunlaşmaması, xəyalların həyata keçməməsi, arzuların düşünüldüyü kimi olmaması boşanma risqi yaradır. Gənclər bir-birinin xasiyyətinə uyğunlaşmaq istəmir, evləndikləri üçün peşmançılıq hissi yaşayırlar. Bu dönəmdə evliliyin qorunması ən çox valideynlərin çiyninə düşür: “Valideyn müdaxiləsi və həqiqi sevgi olmadan bu dönəmi keçirmək mümkün deyil. Nişanlılıq və sevgililik dönəmlərində olan bütün gizlinlər məhz bu dövrdə aşkara çıxır. Bu vəziyyətdən ən çox qadınlar narahat olur. Bir zamanlar ona çiçək alan kişinin indi yataqda xoruldaması, geyimlərini çıxarıb hara gəldi atması qadına çox böyük təsir edir. Bu zaman qadın başa düşür ki, həyatına başqa birini alıb. Zamanla boşanmada qadınların daha çox rol oynadığı bildirilir. Belə ki, dünyada boşanan hər 3 cütlükdən ikisinin səbəbkarı qadınlardır. Bəzən qadınların boşandıqdan sonra peşman olduqları deyilir. Ölkədə boşanan ailələrin ikinci səbəbi xəyanətdir. Ən çox qadınlar müraciət edir ki, həyat yoldaşları onlara xəyanət edib. Yaxşı olar ki, ailə həyatı qurmazdan öncə müəyyən müddət hər iki tərəf mütəxəssislərlə əlaqədə olsun, ailə həyatının nə olduğunu bildikdən sonra ailə qursun. Əks halda boşanmalar daha da çox olacaq".
Günel CƏLİLOVA