Nikahdankənar doğuşlar kütləviləşir - kimin günahı, kimin səhvi...

Fatimə Hacıbəyli: “Yetkinlik yaşına çatmayan qızlar ailə qurur, amma əksəriyyəti nikah bağlamır, bu, əsasən də bölgələrdə baş verir”
Uşaqlar sevgi və qayğı ilə böyüməlidir. Amma bəzən nikahdan kənar doğulan uşaqlar cəmiyyətdə aqressiya ilə qarşılaşırlar. Ölkəmizdə ailənin mövcudluğu yalnız rəsmi nikah ilə tanınsa da, dini və vətəndaş nikahı ilə yaşayanlar da mövcuddur.
Statistikaya görə, nikahdan kənar doğulan uşaqların sayı artır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisdə çıxışı zamanı deyib ki, uşaqların 15%-i nikahdan kənar doğulur.
“Nikahdankənar doğulan uşaqlar gələcək ailə üçün problemlər, boşanmalar və uşaq ölümlərinə səbəbiyyət verir”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ailə kiçik dövlətdir. Ailə qurarkən insanlar hərtərəfli düşünməli, qeyri-rəsmi nikaha daxil olmamalıdırlar. Çünki qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqlarının pozulması, sonra da həmin ailələrdə yaşanan çətinliklər və ya qeyri-ciddi yanaşılması qurulan ailələrin dağılmasına və boşanmalara gətirib çıxarmaqdadır: “Nikahdan kənar uşaqların sayının artmasının müxtəlif səbəbləri var. Yetkinlik yaşına çatmayan qızlar ailə qurur, amma əksəriyyəti nikah bağlamır. Bu, əsasən də bölgələrdə baş verir. Belə ailələrdən dünyaya gələn uşaq doğumları rəsmiləşmir. Bu pis haldır. Ən ucqar kəndlərdə də maarifləndirmə işləri aparmaq lazımdır ki, erkən nikahlar yox səviyyəsində olsun. Erkən nikahın özü nikahdankənar uşağın doğulmasına sövq edən məsələdir”.
Ekspert hesab edir ki, nikahdankənar uşaq dünyaya gətirmək ailə insitutunu təhlükəyə salan problemlərdən biridir: "Bu problem o qədər böyüyüb ki, artıq cəmiyyətin problemi olmaqdan çıxıb, dövlətin problemi olub. Ölkədə nikahdankənar dünyaya uşaq gətirən qadınların sayı ciddi formada artır. Bununla bağlı bir ölçü götürülməlidir. Danılmaz faktdır ki, bu gün ölkədə ciddi formada boşanma faciəsi yaşanır. Nikahların azlığı demoqrafiyanı ciddi şəkildə təhlükə altına salır. Əgər nikahlar bağlanmasa, nəsil artımı baş verməsə, boşanmaların sayı azalmasa, ailə insitutundakı vəziyyəti təsəvvür eləmək belə çox çətindir. Nikahdankənar doğulan uşaqlar - hansı ki, buna daha humanist görünsün deyə vətəndaş nikahı, sivil ailə adı qoyublar - bütün hallarda normal deyil. Əgər bir uşağı dünyaya gətirirsənsə, onun cəmiyyətdəki gələcək statusunu, adının qarşısına yazılacaq ata adını da fikirləşməlisən. Ona sənəd alanda, rəsmi prosedurlar keçəndə, məktəbdə oxuyanda, cəmiyyətə adaptasiya olanda yaşayacağı çətinlikləri fikirləşmək lazımdır. Vətəndaş nikahı adı verib, bəzəyib-düzəyib bunu yumşaltmağın o körpənin gələcəkdə yaşayacağı çətinliklərə heç bir köməyi olmayacaq. Ona görə də qanuni formada nikah bağlayıb, daha sonra dünyaya uşaq gətirmək məqbuldur. Nəzərə almaq lazımdır ki, nikahdankənar doğulan uşaqlar gələcək ailə üçün problemlər, boşanmalar və uşaqların ölümlərinə səbəbiyyət verir”.
Günel CƏLİLOVA