"TələbəPlus" kartları hər yerdə işə yarayır, avtobuslardan başqa - tələbə narazılığı...

Cavanşir Əliyev: “İctimai nəqliyyat sahəsində güzəştlər vacibdir”
Məlumdur ki, təhsil alan tələbələrə artıq bir müddətdir "TələbəPlus" kartları verilib. Həmin kartlar tələbələrə bir sıra imtiyazlar verir. "TələbəPlus" layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.
Onların təşəbbüsü ilə qısa zamanda 23 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 min tələbə "TələbəPlus" kartı ilə təmin edildi. Ancaq həmin imtiyazların verildiyi mağazalarda, əyləncə mərkəzlərində qiymətlər çox yüksəkdir və tələbə üçün əlçatan deyil. Yəni bu zaman həmin kartlar, demək olar ki, heç bir rol oynamır. Tələbələr mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını istəyirlər. Məlumat üçün bildirək ki, bu kartın tətbiq olunduğu bir çox ölkələrdə metro, avtobus və qatar biletlərində, velosiped və skuter icarəsində tələbələrə güzəştlər tətbiq edilir.
"TələbəPlus" kimi kartların nəqliyyatda və yaşayış xərclərində güzəştlər təmin etməməsi tələbələrin gündəlik həyatına real təsir göstərmir”
Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda tələbələr və təhsil işçiləri üçün güzəştli kartların – "TələbəPlus" və "TəhsilPlus" – yaradılması onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və təhsil ehtiyaclarını dəstəkləmək məqsədi daşıyır. Lakin mövcud tətbiqlər tələbələrin əsas ehtiyaclarını tam şəkildə qarşılamır və bu, onların narazılığına səbəb olur: "Belə ki, "TələbəPlus" kartında əsas güzəştlərin mağaza və restoranlara yönəlməsi, tələbələrin təhsil və gündəlik həyat üçün daha vacib olan sahələrdə dəstəksiz qalmasına səbəb olur. Azərbaycan qanunvericiliyində tələbələrin və təhsil işçilərinin sosial müdafiəsini təmin etmək üçün müxtəlif mexanizmlər nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, tələbələrin ən çox xərclədiyi sahələr təhsil materialları, ictimai nəqliyyat və yaşayış xərcləridir. İctimai nəqliyyat və yataqxana xərcləri tələbələrin ümumi büdcəsinin təxminən 30%-ni təşkil edir. Bu halda, "TələbəPlus" kimi kartların nəqliyyatda və yaşayış xərclərində güzəştlər təmin etməməsi tələbələrin gündəlik həyatına real təsir göstərmir. İctimai nəqliyyat sahəsində güzəştlər vacibdir. Bakı şəhərində tələbələr üçün ictimai nəqliyyatdan istifadə haqları standart qiymətlərlə eyni səviyyədədir. Halbuki, tələbələrin gündəlik hərəkət xərclərini azaltmaq məqsədilə xüsusi endirimli tariflər tətbiq oluna bilər”.
Günel CƏLİLOVA