Məhkumların ailə məzuniyyətinə buraxılması - Azərbaycanda yeni praktika...

Azərbaycanda məhkumlarla bağlı yenilik tətbiq edilib. Belə ki, məhkumlar məzuniyyətə buraxılır və buraxılacaq. Penitensiar Xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar.
Qeyd edək ki, səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar.
- Penitensiar Xidmət: “İndiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb”
Penitensiar Xidmətdən bildirildi ki, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb: “Məhkumlara məzuniyyət verilməsi Penitensiar Xidmətdə ilk haldır. Bundan başqa, yeni təyin olunmuş Xidmət rəisi Mirsaleh Seyidovun tapşırığı ilə çoxsaylı yeniliklər tətbiq olunub. Yeni çağrı mərkəzi yaradılıb, sosial şəbəkə hesabları istifadəyə verilib və təcridxanalarda və cəzaçəkmə müəsissələrində korrupsiya halları ilə mübarizə sərtləşdirilib”.
- Səadət Bənənyarlı: “Məhbusların məzuniyyətə buraxılması onların islah olunmasında müsbət rol oynayacaq”
Hüquq müdafiəçisi Səadət Bənənyarlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məhkumların məzuniyyətə buraxılması bir çox ölkələrdə tətbiq olunur: “Məhbusların məzuniyyətə buraxılması onların islah olunmasında müsbət rol oynayacaq . Gələcəkdə həmin şəxslərin cəzalarının yüngülləşməsinə də səbəb ola bilər. Məhkumlar məzuniyyətə buraxılan zaman həbsxana əməkdaşlarının müşayiət etməməsi həmin insanların öz səhvlərindən nəticə çıxarmasından xəbər verir. Öz yaxınları ilə sərbəst görüş məhkumların psixologiyasına, sağlamlığına müsbət təsir edəcək. Qeyd etdiyim kimi, bu qayda bir sıra xarici ölkələrdə tətbiq olunur. Bizdə də tətbiq olunması ondan xəbər verir ki, ölkəmizdə məhkumların hüquqları qorunur, onların yaxınları ilə rahat, ev şəraitində görüşünə şərait yaradılır”.
Günel CƏLİLOVA