Su əbədi həyat mənbəyi olaraq qalsa da, təəssüflər olsun ki, çox zaman əksər bölgələrə aid suların keyfiyyəti barədə şübhəli iddialar dolaşır. Bəzi hallarda Azərbaycan suyuna da analoji münasibət sərgilənir.
İddialar dolaşır ki, bizim suyumuz keyfiyyətsizdir. Daha dəqiq desək, ABŞ-nin Yel Universitetinin “Dünyanın Su Xəritəsi” adlı hesabatında regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olması ilə bağlı iddia irəli sürülüb. Hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycan suyun keyfiyyətinə görə 46,5 bal toplayıb. Bu şkalaya görə, suyun keyfiyyəti Gürcüstanda 52,3 bal, Ermənistanda 61,7 bal, Rusiyada 55,8 bal, İranda 48,8 bal, Türkiyədə 47 bal dəyərində qiymətləndirilib. Qərb ölkələrində isə suyun keyfiyyəti 90 bal ətrafında qiymətləndirilib. Bizim müəyyən eko təşkilatlar da qurumun məlumatına dəstək verib. Məsələn, Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini Xosrov Musayev bildirib ki, beynəlxalq ekspertlərin fikirlərinə görə, Azərbaycanda 40% su çirklidir, 80%-i isə keyfiyyətsizdir. “Azərbaycanda içməli suyun keyfiyyətinin analiz nəticələri sanitariya normalarına, tələb olunan standartlara cavab vermir”-deyə o vurğulayıb.
Azərbaycanda bu sahəyə milyardlarla vəsait qoyulur, amma iddialara görə, bizdə suyun keyfiyyəti Gürcüstandan da, Ermənistanda pisdir.
Azərbaycanda suyun keyfiyyəti ilə bağlı fikirlər düzdür, yoxsa burada qərəz var?
“İl ərzində ortalama 400 000 sayda müayinə icra edilməklə suyun keyfiyyəti daimi nəzarətdə saxlanılır”
“Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət və suyun təhlükəsizliyi şöbəsinin rəisi-baş texnoloq Cəmil Babayevlə əlaqə saxladıq. C.Babayev “Bakı-Xəbər”ə ABŞ-ın Yel Universitetinin “Dünya su xəritəsi” adlı hesabatı ilə bağlı ARAYIŞ təqdim etdi. Arayışda qeyd edilir: “Məlum olduğu kimi, ABŞ-ın Yel Universiteti “Dünya su xəritəsi” adlı hesabatı dərc edib və bu günlərdə mətbuatda və sosial şəbəkələrdə bu hesabata əsasən Azərbaycan üzrə suyun keyfiyyəti 46.5 bal olduğu (100 ballıq şkala üzrə) və suyun keyfiyyəti təhlükəli hesab edilməsi bəyan edilib. Qeyd edilənləri nəzərə alaraq ilk öncə bildirmək istərdim ki, suyun keyfiyyəti haqqında hər hansı rəyin verilməsi ondan götürülmüş su nümunəsi, aparılmış müayinə nəticələri əsasında mümkündür. Dünya təcrübəsində suyun keyfiyyətinin 100 ballıq şkala ilə qiymətləndirmə üzrə hər hansı bir qiymətləndirmə standartı mövcud deyil. Aparılmış müayinə nəticələrinin əsasında götürülmüş su nümunəsində orqanoleptik, fiziki-kimyəvi, radioloji və mikrobioloji normalara uyğun olub-olmaması, hər hansı keyfiyyət göstəricisinin kənara çıxması haqqında məlumatın əldə edilməsi mümükündür. Bu nəticələrlə suyun insan sağlamlığına təhlükəli olub-olmaması müəyyənləşdirlir. Bakı şəhəri Abşeron yarımadasında “Azərsu” ASC-nin 2013-cü ildən fəaliyyətdə olan və İSO17025 standartına əsasən “LATAK” beynəlxalq akkreditasiyadan keçmiş Mərkəzi Laboratoriyası, o cümlədən Ceyranbatan kimyəvi - bakterioloji təhlil laboratoriyası fəaliyyətdədir. Regionlarda isə içməli suyun keyfiyyətinə 9 ədəd kimyəvi - bakterioloji təhlil laboratoriya tərəfindən gündəlik olaraq nəzarət təşkil edilib. Bildirmək istərdik ki, Respublika üzrə mənbədə, emal qurğularının texnoloji mərhələlərində, paylayıcı su şəbəkələri magistral xətləri üzərində istismar edilən su tutarlarından, abonentlərdən (stasionar nöqtələrdən) 54 rayon mərkəzi, kənd qəsəbələri üzrə hər birindən gündəlik ortalama 10 su nümunəsi toplanılır, Bakı şəhəri Abşeron yarımadası üzrə isə ortalama 80 su nümunəsinin toplanması təhlili aparılır. Bundan başqa, emal qurğularında suyun keyfiyyətinə indikator göstəricilər üzrə real zaman kəsiyində xüsusi avadanlıqlarla nəzarət də təşkil edilib. Nəticədə, il ərzində ortalama 400 000 sayda müayinə icra edilməklə suyun keyfiyyəti daimi nəzarətdə saxlanılır.
Dərc edilən hesabatı ilk növbədə keçidindən araşdırsaq məlum olur ki, mətbuatda 100 ballıq şkala adlandırılan ölçmə “EPİ” indeks adlandırılır.
2022 Environmental Performance Index (EPİ) dünya ölkələrində dayanıqlı inkişaf vəziyyətinin statistik məlumatlara əsaslanan xülasədir. İqlim dəyişikliyi ətraf mühitin sağlamlığı və ekosistem sağlamlığının göstəriciləri üzrə toplanan məlumatlar təhlil edilir və “EPİ” indeks formasında 180 ölkə üzrə 11 sualda müxtəlif dəyərlərdə sıralama aparılır. Bu suallar arasında suyun sanitar vəziyyəti haqqında da “EPİ” indeks formalaşır. Bu göstəricilər ölkələrin müəyyən edilmiş ekoloji siyasət məqsədlərinə nə dərəcədə yaxın olduğunu milli miqyasda qiymətləndirməyə imkan verir. Bu qiymətləndirmə YEL Universiteti tərəfindən tamamilə müstəqil şəkildə aparılmış və onlar tərəfindən Azərbaycan Respublikası üzrə suyun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə nümunələrin fiziki olaraq toplanması və təhlili işləri aparılmamışdır. Yəni qeyd edilən qiymətləndirilmə ilə suyun keyfiyyətsiz olması, təhlükəli olması ilə bağlı hər hansı bəyanatın verilməsi düzgün deyil”.
Cəmil Babayev Xosrov Musayevin “Sular analiz olunmalıdır. Artezianlar qurulur, onlar quraşdırılandan sonra oradan çıxarılan sular analiz olunmalıdır, sanitariya tələblərinə uyğun olması yoxlanılmalıdır. Yalnız bundan sonra ondan içməli su kimi istifadə etmək olar...
Suyun keyfiyyətinə nəzarət olunmalıdır, bu gün bunu görmürük. Bir dəfə tədbirdə dedim ki, suya nəzarət edən orqanlar heç vaxt suyun analizini aparmırlar, bu onların vəzifə borcudur. Suyun yoxlanılması ilə bağlı standartlar da köhnədir. Bizə bu gün yeni standartlar, müasir dövrün tələblərinə uyğun olan qurğular lazımdır. Bu tərkibin insan orqanizminə ziyanı olub-olmadığı test olunmalıdır” kimi fikirlərinə də münasibət bildirdi. “Dünən mən Xosrov müəllimlə də danışdım. Orada Xosrov müəllimin bildirdiyi mövqe, verdiyi məlumatlar tamamilə yanlışdır. Danışanda bu məsələləri özünə bildirmişəm. Ona dedim ki, vaxt müəyyən edib sizi mərkəzi labataroriyamızı, müasir avadanlıqılarla təhciz olunmuş regional labaratoriyaları, təmizləyici qurğuları gəzdirim. Siz demişkən, dövlət o sahəyə çox böyük vəsait xərcləyir. Böyük işlər görülür və bunları görməzdən gəlmək düzgün iş deyil. Qeyri-düzgün olan məlumatları dərc etməyi də düzgün hesab etmirəm...
Sizə ABŞ-ın Yel Universitetinin “Dünya su xəritəsi” adlı hesabatı ilə bağlı ARAYIŞ təqdim etdim. Burada bu universitetlə bağlı mövqeyim də əks olunub. Yəni orada verilən göstərici nədir, nədən ötrüdür, nə cür formalaşır, bu həqiqətənmi suyun keyfiyyətsiz olduğunu göstərir? Əlbəttə ki, yox...”-deyə müsahibimiz qeyd etdi.
C.Babayev bir daha vurğuladı ki, suyumuzun keyfiyyəti ilə bağlı yayılan informasiya realllığı əks etdirmir.
İradə SARIYEVA