Məmurlarımızın kabinet geyimləri – məmur etikası və sanbalının əsas göstəricilərindən biri kimi...

“O adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər?”. Bunu Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu isə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı əlavə edib ki, kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir: “Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək”.
Ümumilikdə, iş zamanı məmurun iş geyimi önəmlidir. Təbii ki, şənbə və bazar günləri məmurlar idman formasında ola bilərlər. Ancaq bu, iş yerində olmamalıdır. İş zamanı məmurun xüsusi geyimi olmalıdır və bu, ciddi libasdan ibarət olmalıdır. Ancaq təəssüflər olsun ki, bəzi icra başçıları işə idman geyimi ilə gedirlər. Aşırı dərəcədə özlərinə arxayın olmaları səbəbindən çox sərbəst geyimdə, hətta idman geyimində kabinetdə oturmaqdan çəkinmirlər. Bu da, istər-istəməz, məmurlar barəsində mənfi rəy formalaşdırır. Ciddi məmur obrazına xələl gətirir. Əslində isə iş başında olan istənilən məmur ciddi geyimdə olmalı, üzünü vaxtında qırxmalı və bütün bunlarla çevrəsində sağlam məmur obrazı formalaşdırmalıdır. Əsl məmura xas olan xüsusiyyətləri ilə digərlərinə nümunə olmalıdır.
- “O zaman geyimlə bağlı bütün məmurlar öz yerini biləcək”
Siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, bəzi icra başçıları Prezidentin səsləndirdiyi iradlardan ciddi nəticə çıxarmalıdırlar: “Məsələ ondadır ki, kimlərsə uzun müddət eyni vəzifədə qaldıqda müəyyən neqativ hallara yol verirlər. İlk baxışdan onlarda elə bir təəssürat yaranır ki, daimi olaraq vəzifədə qalacaqlar. İlk vaxtlar ciddi geyimdə işə gəlirlər və zaman keçdikcə, bu cür alışqanlıqlar dəyişir. Rayonda özlərini ağa kimi aparırlar. Məmura yaraşmayan geyim forması ilə işə çıxırlar. Bu da, istər-istəməz, xoşagəlməz mənzərənin yaranmasına səbəb olur. Hesab edirəm ki, belə hallara yol verən icra başçıları ilə bağlı ciddi ölçü götürülməlidir. Elə bir ictimai nəzarət mexanizmi yaradılmalıdır ki, məmur hər an buna görə özündə məsuliyyət hiss etsin. Qanunvericilikdə bu məsələlər aydın şəkildə öz əksini tapmalıdır. O zaman geyimlə bağlı bütün məmurlar öz yerini biləcək”.
Vidadi ORDAHALLI