Mehriban Əliyeva və Leyla Əliyeva Kürdəxanı sakininin evində qonaq oldular - FOTO

Mayın 21-də Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.
Birinci vitse-prezident və Heydər Əliyev Fondunun vitse-prezidenti əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəliblər. Məlumat verilib ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxıb, müəllim və şagirdlərlə görüşüblər.
113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verilib ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib.
Sonra Mehriban Əliyeva və Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar.
Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüb və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.
Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirib ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ediblər.
Sonda Telman Əliyevin ailəsi adından Mehriban Əliyevaya hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.