Azadlıq radiosu – Ağ evin qara planı

ABŞ-ın dövlət katibinin keçmiş müavini, "Freedom House” təşkilatının sabiq rəhbəri, Makkeyn İnstitutunun insan hüquqları və demokratiya üzrə direktoru Devid Kramer Rusiyanın siyasi dayaqlarını zəiflətmək üçün RT (Russia Today) telekanalının Vaşinqton bürosunu bağlamağı təklif edib.
Gözlənilməz olsa da, bu sözləri Amerika Birləşmiş Ştatlarına ruporluq edən Azadlıq radiosunun Bakı ofisinə qanun çərçivəsində belə hər hansı bir yoxlamanı qəti şəkildə pisləyən şəxs deyib. Qısaca məlumat verək ki, ABŞ Konqresinin maliyyələşdirdiyi bu radio İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin təsir dairəsində olan Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrində yayımlanmağa başlayıb. Bu illər ərzində radio təkcə həmin bölgələrdə yerləşən respublikalara deyil, eyni zamanda milli azlıqlara da təsir imkanlarından istifadə edib. Nəticədə, SSRİ-nin dağılmasıyla Azərbaycan kimi bütün İttifaq respublikaları öz müstəqilliyini elan etsə də, radio Qərbin "parçala, hökm sür” siyasətinə uyğun olaraq xalqlar və millətlər arasında ədavəti qızışdırmağa, anti-milli təbliğat aparmağa davam edib. Bütün bunlar Azadlıq radiosunun əsas missiyasının xalqlara müstəqillik hüququnun tanıdılmasına nail olmaq deyil, nəyin bahasına olursa-olsun ABŞ-ın təsir dairəsini gücləndirməkdən ibarət olduğunu sübut edir. Çünki qurumun redaksiyalarında hazırlanan məqalələri analiz etdikdə Azadlıq radiosunun bütün fəaliyyətinin siyasi, dini və sosial gərginliyi artırmağa hesablandığını asanlıqla başa düşmək olar. Təsadüfi deyil ki, bu ilin may ayında radionun Bakı bürosunda aparılan axtarış tədbirləri ilə bağlı redaksiyanın qapısına möhür vurulduğu üçün D.Kramer Obama Administrasiyasını rəsmi Bakıya qarşı sərt addımlar atmağa çağırıb. O, Azərbaycana qarşı sanksiya qəbulu, vəzifəli şəxslərə viza qadağası, ilk Avropa Oyunlarının boykot edilməsi təkliflərini irəli sürüb. ABŞ-ın dövlət katibinin keçmiş müavini bunu Azərbaycanın Amerikaya meydan oxuması kimi qiymətləndirib. Rəsmi Bakı məsələ ilə bağlı bildirib ki, Azərbaycanda heç kim söz və fikir, media azadlığına, siyasi baxışlarına görə təqib olunmur: "Azadlıq radiosunun ofisində aparılan yoxlamalar dövlətin təhlükəsizliyi ilə bağlı atdığı kompleks addımların tərkib hissəsidir”.
Hazırda isə D.Kramer Rusiya ilə bağlı oxşar məsələdə fərqli mövqe ortaya qoyur, Vaşinqtonda fəaliyyət göstərən RT kanalının ofisini bağlamağa çağırış edir. Nə qədər acı səslənsə də bu, Qərbin apardığı ikili standartlar siyasətinə tamamilə uyğundur. Kramerin bu dəyişkən mövqeyi onun timsalında ölkəmizə təzyiq siyasəti həyata keçirən qüvvələrin məqsədlərinin beynəlxalq hüququn prinsipləri üzərində qurulmadığını bir daha təsdiq edir, Azadlıq radiosu vasitəsilə Ağ evin Azərbaycanda qara planlarını həyata keçirməyə, dövlətçiliyə, mili dəyərlərə zərbə vurmağa çalışdığından xəbər verir.
Ona görə də, Azadlıq radiosunun Bakı bürosunun redaksiyasında yaranan fasilələr Birləşmiş Ştatları özündən çıxarır. Hərçənd ki, Azərbaycan D. Kramerin RT telekanalı barədə dediklərinə əsaslansa, Azadlıq radiosunun Bakı ofisinin fəaliyyətinə birdəfəlik xitam verməlidir.
Seçki-2015.az