Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

Mətləb Salahov: “Revanşistlərin və erməni kilsəsinin hərəkətə gətirilməsi hakimiyyətə təzyiq məqsədi güdür”
“Nikol Paşinyan indi heç vaxt olmadığı qədər ciddi siyasi sınaqla üz-üzədir. Son bələdiyyə seçkilərində partiyası məğlubiyyətə uğrayan erməni baş nazir, üzləşdiyi təzyiq və siyasi gərginlikdən yaxa qurtarmaq və öz hakimiyyətinə dəstək tapmaq üçün sözün əsl mənasında çırpınır. Diqqət edək: onun Estoniyaya qəfil səfəri ilk əvvəl Qərblə münasibətləri yoluna qoymaq və dolayısı ilə öz hakimiyyəti üçün siyasi təminat almaq məqsədi güdür.”
Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, hazırda Ermənistanın daxilində hakimiyyətə qarşı keçmiş iqtidar təmsilçilərinin, habelə N.Paşinyana qarşı daima amansız mövqedə duran erməni kilsəsinin ayaq açdığını müşahidə edirik: “həm Qərbdən, həm də hazırkı erməni hakimiyyətini tamamilə öz nəzarətinə keçirmək istəyən Rusiya tərəfindən aramsız təzyiqlərə məruz qalan N.Paşinyan rejimi sözün əsl mənasında siyasi nəfəslik axtarır. Mayın 9-da onu Moskvadakı hərbi paradda gözləyirlər. Başqa bir yandan da Tallinə səfər edərkən, oradakı kommunizm qurbanlarının xatirə kompleksinə əklil qoymağı da yaddan çıxarmır. Üstəlik erməni baş nazir, təzəlikcə Türkiyə və Azərbaycanla normal münasibətlərin yaradılmasının vacibliyi barədə yeni bir fikir də səsləndirib. Açıq-aşkar görünür ki, erməni hakimiyyətinin başçısı siyasi manevr etməyə, daxildəki təzyiqləri azaltmaq üçün xarici güclərin dəstəyini qazanmağa çalışır. Əlbəttdə, N.Paşinyanın dəstək axtarışına çıxdığı beynəlxalq güclər tərəfindən qurban, yoxsa tərəfdaş seçiləcəyini zaman göstərəcək”.
Namiq Quliyev