Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

Hindistan və Pakistan arasında gərginlik pik həddə çatıb. Hindistanın baş naziri Narendra Modi ötən həftə Kəşmirdə 26 mülki şəxsin ölümü ilə nəticələnən hücumlara cavab vermək üçün orduya “əməliyyat azadlığı” verib. Məlumata görə, Modi bu barədə gizli təhlükəsizlik zirvəsində qərar verib.
Baş nazirin ofisi bildirib ki, Modi silahlı qüvvələrə hücuma necə, nə vaxt və harada cavab verməsi ilə bağlı tam səlahiyyət verib.
Pakistanın dəmir yolları naziri Hanif Abbasi isə Hindistanı nüvə silahı ilə hədələyib. Abbasi Hindistan üçün 130 nüvə başlığı ayırdıqlarını deyib. "Əgər onlar su təchizatını dayandıracaqlarsa, müharibəyə hazır olmalıdırlar. Əlimizdə olan hərbi texnika və raketlər sadəcə göstərmək deyil. Nüvə silahlarımızı ölkəmizin hansı bölgələrində yerləşdirdiyimizi heç kim bilmir. Bir daha deyirəm, bütün bu ballistik raketlərin hədəfi sizsiniz” - Abbasi deyib.
Qeyd edək ki, aprelin 22-də Hindistanın nəzarətində olan Cammu Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hücumu edənlərin Pakistandan gəldiyini idia edən Hindistan, “Hind Suları Sazişi”ni dayandırıb, Yeni Dehlidə çalışan pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini istəyib və Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb.
Pakistan isə ittihamları rədd edir. Dehliyə cavab olaraq Hindistanın İslamabaddakı diplomatik işçilərinin sayını məhdudlaşdırıb, Hindistanla bütün ticarəti dayandırıb və hava məkanını bağlayıb. Pakistan “Hind Suları Müqaviləsi”ndən kənar, çaylara hər hansı müdaxiləni “müharibə səbəbi” sayacağını bəyan edib.
TAHİR