Naxçıvana Araz dəhlizi ilə bağlı fərziyyələr və şayiələr...

Məhəmməd Əsədullazadə: “Araz dəhlizi ilə bağlı şayiələr o idi ki, bu yol reallıqda olmayacaq”
Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada. Bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir.
Bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.
Dövlət başçısı deyib ki, bu, Azərbaycanı, onun əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran üzərindən birləşdirən layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq.
Maraqlıdır, Prezident Əliyev “Bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir” deyərkən nələri nəzərdə tutur? Bu layihə ilə bağlı nə fərziyyələr, nə şayiələr var ki?
“Guya Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinə razı salmaqdan ötrü bunu ortaya atıb”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Zəngəzur dəhlizinə alternativ olaraq İran ərazisindən Araz dəhlizinin açılması gözlənilən idi. Çünki bu, iki ölkə arasında müştərək yol olacaq. Düzdür, bu, yol Zəngəzur dəhlizi statusunda olmayacaq. Ancaq İran tərəfi istəyir ki, tranzit-nəqliyyat daşımalarda onların ərazisinə üstünlük verilsin. Çünki bu, İranın tranzit gəlirlərini artıracaq. Azərbaycan daha çox Zəngəzur dəhlizində maraqlıdır. Çünki Araz dəhlizindən fərqli olaraq, Zəngəzur dəhlizi maneəsiz olacaq. Araz dəhlizi ilə bağlı şayiələr o idi ki, bu yol reallıqda olmayacaq. Guya Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinə razı salmaqdan ötrü bunu ortaya atıb. Yəni məqsəd odur ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul etsin. Ancaq məlum oldu ki, bütün bu deyilənlər hamısı əsassızdır. Məsələ ondadır ki, Azərbaycan nəqliyyat yollarının diversifikasiyasında maraqlıdır. Nə qədər çox alternativlər olsa, bu, bir o qədər beynəlxalq yükdaşımaların dayanıqlı şəkildə daşınmasını təmin edir. Bu, isə o deməkdir ki, Zəngəzur dəhlizi işə düşsə də, Bakı-Tbilisi-Qars dəmir yolu və Araz dəhlizi vasitəsi ilə İran üzərindən daşımalar həyata keçiriləcək. Nə vaxtsa Zəngəzur dəhlizinin açılması digər alternativlərin üzərindən xətt çəkmir. Başqa bir tərəfdən Araz dəhlizi həm də Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki tranzit daşımaları artdıqca, bu dəhlizlərə tələbat daha da artacaq. Bütün bu deyilənlərin fonunda, cənab Prezidentin açıqlaması obyektivdir və reallığı özündə əks etdirir. Kimin nə deməsindən asılı olmayaraq Azərbaycan qarşısına qoyduğu hədəflərə çatır. Ölkəmizin tranzit və logistik önəmi hər keçən gün daha da artır”.
Vidadi ORDAHALLI