Pezeşkian Ermənistanın Naxçıvana yol verməsinə ikibaşlı yanaşdı - “beynəlxalq hüququ pozmursa...”

Əli Orucov: “Bu məsələdə İranın siyasətini müəyyən edən Ali dini liderdir”
Məlum olduğu kimi, İran Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibə verib. İran Prezidenti Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə edib:
“İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir və bununla bağlı işlər görülüb, razılaşma var. İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur. İlk addım odur ki, hər tərəf öz payına qane olsun, başqasının torpağında gözü olmasın. İxtilaf onda ortaya çıxır ki, tərəflərdən biri başqasının torpağına yiyələnmək istəyir. Ölkələrin ərazi bütövlüyü haqq və hüquqlarıdır və buna hörmətlə yanaşmalıyıq”.
“Mühafizəkar qanad istəmir ki, dəhliz statusu çərçivəsində Azərbaycan Naxçıvanla əlaqə qursun”
Göründüyü kimi, Pezeşkian Naxçıvana yolun olmasına tərəfdar olsa da, Zəngəzur dəhlizinə münasibətdə bu və ya digər şəkildə Tehranın mövqeyini təkrarladı.
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizi məsələsində əsas söz sahibi İran prezidenti deyil: “Bu məsələdə İranın siyasətini müəyyən edən Ali dini liderdir. Əfsuslar olsun ki, İran Azərbaycanın Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə nəzarət etmək istəyinin əleyhinədir. İranın Ali dini lideri Ayətullah Xameneyinin özü də Zəngəzur dəhlizinin Azərbaycanın nəzarətinə keçməsinə kəskin etiraz bildirib. Yəni mühafizəkar qanad istəmir ki, dəhliz statusu çərçivəsində Azərbaycan Naxçıvanla əlaqə qursun. Guya bu, İranın Ermənistanla nəqliyyat əlaqələrinə mənfi təsir edəcək və s. Hesab edirəm ki, bu, tamamilə əsassızdır. Zəngəzur dəhlizi İranın Ermənistanla əlaqələrini məhdudlaşdırmır. Pezeşkiandan olsa o, buna qarşı çıxmaz, amma o, Ali dini liderin müəyyən etdiyi xarici siyasətə qarşı çıxa bilməz. Pezeşkianın səfər təəssüratları o qənaətə gəlməyə əsas verir ki, o, ölkələrimiz arasındakı münasibətlərin yaxınlaşmasında, problemlərin həllində maraqlı görünür. Səfərdən sonra Zəngəzur dəhlizi məsələsində rəsmi Tehranın mövqeyində kəskin dəyişiklik gözlənilmir. Çünki mühafizəkar qanad hələlik bunda maraqlı deyil. Ancaq görünən odur ki, Azərbaycan ilə münasibətlərin istiləşməsi, yaxınlaşması, yeni əlaqələrin qurulması sürətlənə bilər. Çünki İranla bir çox sahədə əlaqələrin inkişafı hər iki ölkə üçün vacibdir. Ona görə ki, regionda gərginliyin azalması, sülhün davamlı olması, ortaq iqtisadi layihələrin həyata keçirilməsi həm region üçün, həm də hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. Pezeşkianın səfərindən əvvəl verdiyi ümidverici açıqlamaları, Azərbaycana baş tutan yüksək səviyyəli səfəri, Bakıda isti qarşılanması artıq anlaşılmaz qalan məsələlərin yoluna düşəcəyinə olan ümidləri artırır. Hər halda ümid edək ki, zaman keçdikcə İranın Zəngəzur dəhlizi məsələsində mövqeyi yumuşalacaq”.
Vidadi ORDAHALLI