Tramp Putinə inamını itirməyə başlayır - "onun mülki obyektləri vurmasına səbəb yox idi"...

Azər Həsrət: "Donald Trampın əlində imkan var ki, dostu saydığı Putinlə açıq danışsın və müharibəni dayandırsın"
Tramp və Zelenski Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romaya gəliblər. Onlar törən başlayandan 15 dəqiqə əvvəl görüş keçiriblər .
ABŞ prezidenti Donald Tramp Romada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdən sonra Rusiyanı sanksiyalarla hədələyib. Rusiya prezidenti Vladimir Putinin hərəkətləri insanı düşünməyə vadar edir ki, “bəlkə də o, (Ukraynaya qarşı – red. ) müharibəni dayandırmaq istəmir, sadəcə olaraq, mənim burnumdan tutub aparır”, – Ağ Evin rəhbəri şənbə günü, aprelin 26-da özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
"Son bir neçə gündə Putinin mülki ərazilərə və şəhərlərə raket zərbələri endirməsi üçün heç bir səbəb yoxdur " deyən Tramp, Rusiya ilə yəqin ki, "başqa şəkildə" - bank və ya ikinci dərəcəli sanksiyalarla rəftar edilməli olduğunu əlavə edib. "Çox sayda insan ölür!" - Tramp yazırdı.
Vaşinqton Moskvanı sanksiyalar və ticarət rüsumları ilə hədələyib.
Martın əvvəlində Tramp artıq bəyan etmişdi ki, o, Rusiyanı Ukraynadakı vəziyyəti nizamlamağa məcbur etmək üçün ona qarşı sanksiyalar və yeni tariflər tətbiq etmək imkanını “diqqətlə nəzərdən keçirir”.
Tamap deyəsən indi ayılıb ki, Putin Ukraynada müharibəni bitirmək istəmir? Bu bəyanatın arxasında nə dayanır? Tram Rusiyaya qarşı yeni siyasət sərgiləyə bilərmi?
Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, ABŞ prezidenti Donald Trampın qeyri-adekvat yanaşması təəssüf doğurur: "Çünki faktiki olaraq Trampın hər dəfə tərəflərdən birinə rəğbət bəsləyirmiş kimi davranması və yaxud bu və digər şəkildə tərəflərdən birinin üzərinə getməsi nəticə etibarı ilə vəziyyəti dəyişmir, əksinə bur qədər də gərginləşdirir. Lakin Donald Trampın əlində imkan var ki, dostu saydığı Putinlə açıq danışsın və müharibəni dayandırsın. Ən azı indiki mərhələdə heç bir ilkin sərt irəli sürmədən atəşkəsə nail.olmaq Donald Trampın imkanları daxilindədir. O, buna nail ola bilər. Sadəcə olaraq, onun tərəflər arasında vargəl etməsi Vladimir Putini və təcavüzkar Rusiyanı daha da həvəsləndirir.
Ona gorə də son günlər Rusiya Ukraynanın mülki əhali yaşayan ərazilərinə kütləvi raket hücumlar təşkil edir. Əlbəttə, bu bir cəsarət nümunəsidir. Donald Trampın davranışları Rusiyanı bir qədər də cəsarətləndirib.
İndi isə Donald Trampla Volodimir Zelenskinin görüşündən sonra bu ifadəni işlətməsi məsələləri qeyri-müəyyənliyə aparıb çıxaracaq. Ona görə də düşünürəm ki, Donald Tramp məsələni daha qəti şəkildə qoya bilər, bu onun gücü və imkanları daxilindədir.
Rusiyaya birdəfəlik anladılmalıdır ki, müharibəni dayandırmasa ona qarşı daha sərt tədbirlər görüləcək. Yəni konkret addımlarla Rusiyanı öz içində boğmaq mümkündür. Bunu ABŞ bacarar. Təəssüf ki, ABŞ bunu etmir. Yəni bir növ "dovşana qaç, tazıya tut",- deyirlər. Bunun nəticəsində də günahsız insanlar kütləvi şəkildə həlak olub. Şəhərlər qəsəbələr və kəndlər dağıdılır. Ukrayna torpaqları isə hələ də işğal altında qalmaqdadır.
Nəticə olaraq qeyd edim ki, Donald Tramp daha səmərəli davranmaqla məsələnin kökündən həll edilməsinə çox böyük töhfə vermək imkanına malikdir. O, bu imkanı qaçırsa, bu həm ABŞ üçün bədbin bir təcrübə olacaq, həm də Rusiyanin təcavüzünə məruz qalan Ukrayna xalqı daha ciddi zərər görəcək".
Dəniz NƏSİRLİ