"Azərbaycan kimi ölkələrin bizə yardımı Qərbin maraqlarına ziddir" - Nigerli Forum iştirakçısı

Niger illərlə beynəlxalq cəmiyyətin ikili standartlarına şahid olub. Bu ikili yanaşmalar indi artıq sistemli bir üsula çevrilib. Bəziləri üçün hüquq və insan haqları prinsip, digərləri üçün isə sadəcə, alət halına gətirilib.
Bu fikirləri Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində təşkil olunan “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzulu paneldə Niger Milli Gənclər Şurasının nümayəndəsi Aliou Omarou deyib.
O qeyd edib ki, münaqişələr, çətinliklər ən çox yerli əhaliyə təsir edir: “Mənim ölkəmin olduğu bölgə - Sahel və Qərbi Afrika iqlim dəyişikliyindən ən çox əziyyət çəkən coğrafiyalardan biridir. Amma qərb ölkələri bu vəziyyətə sadəcə baxmaqla kifayətlənirlər. Bizim torpaqlarımız qızıl, uran, neft, qaz və digər təbii ehtiyatlarla zəngindir. Ancaq bu sərvətlər bizə firavanlıq yox, istismar gətirib. Resurslarımız gizli şəkildə illərlə Qərb ölkələri tərəfindən istismar olunub. Bu istismar fəaliyyəti yalnız iqtisadiyyata deyil, həm də iqlimə böyük ziyan vurub. Daha acınacaqlı hal odur ki, Azərbaycan kimi ölkələr bizə yardım etmək istədikdə, “qarışmayın” deyirlər. Çünki bu yardım onların maraqlarına ziddir”.
Forumun nigerli iştirakçısı Cənub QHT-lərinin birgə fəaliyyət göstərməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın bu sahədə atdığı addımlar, Forum çərçivəsində Cənubun QHT-lərinə söz haqqı verməsi olduqca təqdirəlayiqdir. “Çünki bu təşəbbüslər təkcə siyasi deyil, həm də insani məsələdir və bu, bizim cəmiyyətlərimizin gələcəyi üçündür. İnanıram ki, biz birgə səylərlə ədalətli, davamlı və suveren gələcək qura bilərik”, - deyə Aliou Omarou əlavə edib.