Dünya QHT-nin üçdə ikisi Azərbaycanın ideyasını dəstəklədi...

Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransınnın keçirilməsi dünya miqyasında xüsusi diqqət cəlb edən hadisələrdən birinə çevrilib.
Qeyd edək ki, bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.
Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında – COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformasının təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Beləliklə, ölkəmizin liderliyi ilə Qlobal Cənub QHT Platforması təsis olunub. Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda qəbul olunan bu qərara dünya miqyasında qiymət yüksəkdir. Braziliyanın Beynəlxalq Münasibətlər üzrə Tədqiqat İnstitutunun direktoru, professor Almir Lima Nascimento qeyd edir ki, yeni Qlobal Cənub QHT Platforması regional və qlobal çətinlikləri təşəbbüslərlə həll etməyə yönələcək. O bildirib ki, hazırda sosial və iqtisadi sahələrdə bir çox problemlərlə üz-üzəyik. Bu platforma, Qlobal Cənub çərçivəsində vahid cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa və iqlim dəyişikliyi kimi digər qlobal çağırışlara qarşı birgə mübarizəni vacib edir. Yeni şəbəkənin əhəmiyyəti, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlıqdan asılıdır və bütün şəbəkə üzvləri bundan faydalanmalıdır. Almir Lima Nascimento platformaların yalnız dialoqla kifayətlənməyəcəyini, həm də yaradıcı həll yollarının tapılmasına köməklik göstərəcəyinə ümid etdiyini bildirib. Ekvadorun keçmiş xarici işlər naziri və UNITAR-in prezidenti Luis Gallegos qeyd edir ki, Qlobal Cənub QHT Forumu əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Cənub-Cənub arasında əməkdaşlığa xüsusilə ehtiyac olduğunu deyən Gallegos qeyd edib ki, dünya hər gün yeni çağırışlarla üzləşir və biz yeni pandemiyalara hazır olmalıyıq: “Pandemiyalar istənilən dövlətə təsir edir və hər bir insan buna diqqət etməlidir. Pandemiyanın təsirləri nəzərə alınmalı və qarşısını almaq üçün qlobal səviyyədə tədbirlər görülməlidir. Qarşılaşdığımız problemləri dialoq yolu ilə həll etməyə çalışmalıyıq. Biz bütün dünya cəmiyyətlərini çağırmalıyıq ki, məsuliyyətlərini bölüşsünlər və birgə qərarlar qəbul etsinlər”. Luis Gallegos vurğulayıb ki, hazırda dünyada 60-dan çox silahlı münaqişə cərəyan edir və bu münaqişələr BMT üzv dövlətlərinin üçdə ikisinə təsir edir. Sülh, ədalət və rifahın təmin olunması cəmiyyətlər üçün mühüm hədəf olmalıdır.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva hesab edir ki, təcrid edilmiş səslərin Qlobal Cənub çərçivəsində ucaldılması olduqca vacibdir: “Əsas dəyişikliyin gücü bizim birləşmək qabiliyyətimizdədir. Müxtəlif sektorlar və sahələr arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır”. O qeyd edib ki, müxtəlif ölkələrin bir araya gəlməsi, iqlim maliyyələşməsi, adaptasiya və birgə həll yolları faydalı və səmərəli tərəqqiyə yol açır: “Bizi 2030-cu ildən cəmi beş il ayırır və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün doğru yoldayıq. Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin üçdəbiri ya dayandırılıb, ya da geriləyir. Bir çox ölkələr iqlim dəyişikliyi və yoxsulluğun aradan qaldırılması sahəsində ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən dövlət və özəl sektor birlikdə çalışaraq maliyyənin gücləndirilməsi və təşəbbüslərin artırılması üçün daha fəal addımlar atmalıdır”. Burada xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Qlobal Cənub QHT Platforması da Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir. Hesab olunur ki, Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparma platformasıdır. O, həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin QHT şöbəsinin nümayəndəsi Vuk Tszin-Çanq bildirir ki, Qlobal Cənub QHT Platformasının yaradılması cənub yarımkürəsi ölkələrinin beynəlxalq arenada mövqelərini gücləndirməyə kömək edəcək vaxtında atılmış bir addımdır. Qananın “Dream Hunt” təşkilatının nümayəndəsi Porşa Adu-Mensa isə hesav edir ki, Qlobal Cənubun qeyri-hökumət təşkilatları arasında həmrəyliyin möhkəmləndirilməsi üzrə yeni təşəbbüs marginallaşdırılmış və həssas cəmiyyətlərin hüquqlarının qorunmasında mühüm rol oynayır: “"Yeni təşəbbüs çərçivəsində Qlobal Cənub QHT-lərinə dəstək son dərəcə vacibdir. Bir çox cəmiyyətlər marginallaşdırılmış və həssas olaraq qalır. İndiyə qədər isə kifayət qədər insan hüquqları müdafiəçilərimiz olmayıb”. Qanalı nümayəndənin sözlərinə görə, QHT-lərin səylərinin birləşdirilməsi praktiki fəaliyyətlərə çevrilə biləcək ideyaları irəli sürməyə imkan verəcək: “Bir çox cəmiyyətlər zərər çəkib, lakin müdafiəçilərin olmaması səbəbindən onların problemləri uzun müddət diqqətdən kənarda qalıb. İndi biz layihələrin insanların real ehtiyaclarına yönəldiyi və konkret dəyişikliklərə gətirib çıxaracağı nəticələrin əldə olunmasına çalışırıq”. Qlobal Cənub QHT Platformasının digər iştirakçıları da Azərbaycanda başlanan prosesi yüksək qiymətləndirir.
Ramil QULİYEV