Dünya mediası Kallasın Bakıdan İrəvana getməməsinə xüsusi vurğu etdi...

Almaniyanın aparıcı “Tagesschau” xəbər saytında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub. qlobal gərginliklər fonunda enerji və nəqliyyat sahəsində etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycana səfər çərçivəsində Aİ rəsmisinin Çinə mühüm dövlət səfərindən qayıtmış prezident İlham Əliyev tərəfindən qəbul edildiyi, həmçinin xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdüyü vurğulanıb.
Kallasın Aİ-nin Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri investoru olaraq qalması, eləcə də Azərbaycanın da dünyanın misilsiz çağırışlarla üzləşdiyi bir zamanda Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməsi barədə fikirlərinə diqqət çəkilib.
Yazıda prezident İlham Əliyevin Çinə dövlət səfərinin, o cümlədən səfər çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın önəmi xüsusi vurğulanıb: “Bu tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji sahəsində və Çin ilə Avropa arasında nəqliyyat infrastrukturunun inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulur. Hər iki sahə Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır. Dünyanın dəniz yolları boyunca təhlükəsizlik vəziyyətinin qeyri-müəyyənliyi Cənubi Qafqaz vasitəsilə quru nəqliyyat əlaqələrinin önəmini daha da artırır. Məhz bu səbəbdən Kallas Bakıda Aİ ilə region arasında əlaqələrin genişləndirilməsindən danışdı. O, həmçinin uzun müddətdir gündəmdə olmayan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların bərpasına da toxundu”. Yazıda Cənubi Qafqaz ölkələrinin - Azərbaycan, Ermənistan və Gürcüstanın quru əlaqələrinə artan maraqdan yaranan imkanlardan faydalanmaq istədikləri və bu amilin regionda mövcud maneələrin aradan qaldırılmasını zəruri etdiyi vurğulanıb. Bundan başqa, Aİ rəsmisinin Bakıdan sonra xüsusilə Ermənistan üçün həssas bir dönəmdə İrəvana səfər etməməsinin və bu barədə heç bir aydın səbəbin göstərilməməsinin bu ölkədə təəssüf və narahatlıqla qarşılandığı qeyd olunub. Elə bu səbəbdəndir ki, Kallasın Bakı və İrəvan səfəri erməni mediasında birmənalı şərh edilmir və Azərbaycanın Avropa məsələsində Ermənistanı qabaqladığı daha çox önə çəkilir. Bununla bağlı “armenianreport” portalı yazır: “O, hər halda bunu etdi. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanda səfərdə olub. Çoxları onu açıq və yüksək səslə belə bir addım atmaqdan çəkindirdi. Kallası Qarabağ uğrunda müharibə aparan ölkəyə səyahət etməyin yanlışlığı barədə xəbərdar edənlərin irəli sürdükləri arqumentlər qüsursuz idi. Lakin o, yenə də bu ölkənin prezidenti və Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən qəbul edilmək üçün Bakıya getməyi seçdi. Üstəlik, o, nəinki Ermənistana bu qədər düşmən münasibət bəsləyən bir dövlətin paytaxtına səfər edib, həm də bu ölkəni açıq-aşkar tərifləyib və orada qaldığına görə sevincini bildirib. Onun Bakıda dediyi sözləri tarixə buraxaq. “Burada olmaqdan çox məmnunam. Azərbaycan regionda mühüm tərəfdaşdır. Münasibətlərimizin möhkəmlənməsi ilə bağlı gözləntilərimiz var”, - Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. Bu xanım özünü necə yaltaq və biabırçı apardı. Bakıda isə təbii ki, onlar öz arzularının növbəti partiyasını səsləndirmək fürsətini əldən vermədilər.
Azərbaycan prezidenti bir daha ATƏT-in Minsk qrupunun buraxılmasının zəruriliyini bəyan edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri isə ölkəmizdə gedən daxili siyasi proseslərlə bağlı mövqeyini açlqlayıb. İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması onu hiddətləndirib. “Təəssüf ki, oxşar aksiyalar Fransanın paytaxtı Parisdə daha kiçik miqyasda da olsa baş verdi”, - deyə o bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, digər ölkələrin dövlət rəmzlərinin təhqir olunması cinayətdir. “Bakı Ermənistan və Fransa hökumətlərindən bu hadisələrlə bağlı öz qanunvericiliklərinə uyğun əməli addımlar gözləyir. Hakimiyyət bu cür hərəkətlərə son qoymalıdır", - o, Kallasın iştirakı ilə deyib. Və Kallas bu sarsıdıcı çıxışlar axınının qarşısını almaq üçün heç nə etməyib. Əvəzində, o, Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu və bu ölkənin Aİ-nin neftlə təmin edilməsində böyük rol oynadığını etiraf etdi. Lakin, ümumiyyətlə, bu təəccüblü olmamalıdır. Xatırlatmaq istərdim ki, onun əri Arvo Hallik Rusiyada bizneslə əlaqələri ilə bağlı siyasi qalmaqalın mərkəzində olub. O, nəqliyyat, logistika və anbar xidmətləri ilə məşğul olan “Stark Logistics” (24,8%) və “Stark Warehousing” (30%) şirkətlərində pay sahibi olub. 2022-ci ildən 2023-cü ilə qədər “Stark Logistics” Sankt-Peterburqda və Rusiya Federasiyasının digər şəhərlərində istehsal müəssisələri olan Estoniyanın “Metaprint” şirkətinə xidmət göstərərək Rusiyaya daşınmalarını davam etdirib. Xatırladığımız kimi, bu, Kallasın Estoniyanın baş naziri postunu tutduğu dövrdə baş verib. Daha sonra proses qalmaqallı səs-küyə çevrildi. Estoniyalılar Kallasın istefasını tələb ediblər. O, özünə haqq qazandırmağa çalışdı. İddialara görə, o, ərinin işinin təfərrüatlarını bilirdi və baş verənləri siyasi rəqibləri tərəfindən "cadugər ovu" adlandırdı. Lakin son nəticədə o, Estoniyanın baş naziri postundan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi kürsüsünə keçdi. Və artıq bu statusda, gördüyümüz kimi, açıq-aşkar yaramaz hərəkətlər edir. Buna, hüquqi və siyasi qiymət verilməlidir. Və mümkün qədər tez. Axı, bədnam "Pandora qutusunun" necə açıldığına dair bir nümunənin qarşımızda olduğu tamamilə açıqdır. Və sonra bu hərəkətin tamamilə şok davamını görə bilərik. Biz görürük ki, ABŞ Ukraynanın təslim olmasını tələb edərək, Rusiyanı törətdiyi cinayətlərə görə hər cəhətdən necə haqq qazandırır. Deməli, hadisələrin bu cür dönüşündən sonra artıq təəccüblənəcək bir şey yoxdur”. Bütün bunlar bir daha Kallasın Azərbaycan səfərinin, burada apardığı müzakirələrin ermənilərəı hansı od qoyduğunu açıq şəkildə nümayiş edirir.
Nahid SALAYEV