ABŞ Panama və Süveyş kanallarında, Azərbaycan Zəngəzur dəhlizində bunu edə bilər...

ABŞ prezidenti Donald Tramp Amerika hərbi və ticarət gəmilərinin Panama, eləcə də Süveyş kanallarından pulsuz keçməsinə icazə verilməli olduğunu bəyan edib. Bununla bağlı o, “Truth Social” sosial şəbəkəsində qeyd edib: “Amerikanın həm hərbi, həm də ticarət gəmilərinin Panama və Süveyş kanallarından pulsuz keçməsinə icazə verilməlidir. Amerika Birləşmiş Ştatları olmadan bu kanallar mövcud olmazdı. Mən dövlət katibi Marko Rubiodan bu vəziyyətə dərhal baxmağı xahiş etmişəm”.
Panama kanalı Şimali və Cənubi Amerika arasındakı boğazın ən dar hissəsindən keçərək gəmilərin Atlantik və Sakit Okeanlar üzərində daha sürətli hərəkət etməsinə şərait yaradır. ABŞ-ın konteyner daşımalarının təxminən 40%-i həmin kanaldan keçir. Birləşmiş Ştatlar kanalın tikintisini 20-ci əsrin əvvəllərində tamamladı və 1999-cu ildə ona nəzarəti Panamaya verdi. Panama kanalı təkcə mühəndislik möcüzəsi deyil, həm də qlobal logistikanın mühüm tərkib hissəsidir. Panama Kanalı İdarəsinin məlumatına görə, 1998-ci ildən 2024-cü maliyyə ilinin sonunadək 373 min 39 gəmi kanaldan keçib ki, onlardan yalnız 994-ü və ya 0,3 faizi ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları olub. Xatırladaq ki, yanvar ayında Donald Tramp andiçmə mərasimində çıxışı zamanı Panama hakimiyyətinin kanalı idarə edə bilmədiyini və Birləşmiş Ştatların ona nəzarəti bərpa edəcəyini deyib: “Ən önəmlisi odur ki, kanala Pekin nəzarət edir. Biz kanalı Çinə deyil, Panamaya vermişik və onu geri alacağıq”.
Dövlət başçısı, həmçinin Panama hakimiyyətini ABŞ gəmilərindən çox yüksək tranzit haqqı almaqda günahlandırıb. O, vəziyyəti dəyişməyəcəkləri təqdirdə Panama kanalını ABŞ-a qaytarmaqla hədələyib və bu məsələdə güc tətbiqini istisna etməyib. Süveyş kanalı da hazırda qlobal ticarətdə ABŞ-ın xüsusi diqqətini cəlb edir. Məsələ burasındadır ki, əvvəlcə Rusiya-Ukrayna münaqişəsi, ötən ilin sonundan isə husilərin Qırmızı dənizdə gəmilərə hücumu qlobal ticarət yollarına təsir edir. Yekunda hər şey nəqliyyat, təhlükəsizlik və kommunikasiya xərclərinin artması ilə nəticələnir. Asiyadan, əsasən də Çindən Avropaya nəqliyyat dəhlizləri və avropalıların istehlak etdiyi məhsulların tədarük zəncirləri pozulub, bütün bunlar yekun xərclərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb. Məlum olduğu kimi, husilərin Qırmızı dənizdə gəmilərə hücumları başlayandan bəri Süveyş kanalı ilə yükdaşımaların həcmi 55 faiz azalıb. Beynəlxalq Dəniz Təşkilatının dəyərləndirməsinə görə, Süveyş kanalı Qırmızı dənizdəki gərginlik səbəbindən yüklərinin təxminən üçdə ikisini itirib və yüklər hazırda Afrikanın cənubundan daşınır. Bir sıra gəmiçilik şirkətləri isə Qırmızı dəniz vasitəsilə daşımaları tamamilə dayandırmaq qərarına gəliblər. Bu münaqişə fonunda yükdaşıyanlar Ümid burnundan keçən və daha uzun olan marşrutu seçirlər, eyni zamanda Avropa İttifaqı, Çin və Cənub-Şərqi Asiya ölkələrində diqqətlər Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin ərazisindən keçən Orta Dəhlizə getdikcə daha çox yönəlir. O, vaxt itkisi və təhlükəsizlik baxımından Türkiyə, Yaxın Şərq və Avropa ölkələrinin bazarlarına giriş üçün optimal hesab edilir.
İndilikdə isə bütün bunlar fonunda ABŞ hərbi və ticarət gəmilərinin Panama, eləcə də Süveyş kanallarından pulsuz keçməsinə icazə verilməli olduğunu bəyan edir. Bu hal ekspertlərə görə, o deməkdir ki, ABŞ gəmiləri orada heç bir yoxlamaya da məruz qala bilməz. Əks halda ABŞ hərbi güc tətbiqin istisna etmir. Hesab olunur ki, belə vəziyyətdən Azərbaycan da Zəngəzur dəhlizi məsələsində yararlana bilər. Xatırladaq ki, rəsmi Bakı Azərbaycandan-Azərbaycana prinsipi əsasında Zəngəzur dəhlizinin açılmasını istəyir. Yəni Azərbaycandan daxilində istənilən yük daşıma və insanların gediş-gəlişi heç bir yoxlama olmadan həyata keçirilməlidir. Ancaq bu dəhlizdən digər dövlətlərin yük daşıması və insanların gediş-gəlişi Ermənistanın nəzarəti altında baş tuta bilər. Azərbaycan bununla bağlı hansısa məhdudiyyət tələb etmir. Bu vaxta kimi İrəvan prosesi ləngidir. Erməni rəsmilərinin yanaşması dəhliz statusu olmadan erməni sərhədçiləri tərəfindən Azərbaycan yüklərinin yoxlanması və Naxçıvana göndərilməsi təklifini ehtiva edir. Ancaq belə bir yanaşma tərəflər arasında 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata ziddir. 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın müvafiq bəndinə əsasən, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin etməyi öhdəsinə götürüb. Bu sənədin altında Ermənistanın baş naziri Nikol Paşinyanın da imzası var və bu, rəsmi İrəvanın beynəlxalq hüquqi öhdəliyidir. Lakin ötən illər ərzində Ermənistan bu razılaşmanı yerinə yetirməkdən yayınmağa çalışıb. Rəsmi İrəvan dəhlizin açılmasını müxtəlif bəhanələrlə ləngidir. Proseslərin gedişi göstərir ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində heç bir ciddi dəyişiklik yoxdur. Azərbaycanın mövqeyi isə çox qəti və prinsipialdır. Azərbaycan vətəndaşlarının birmənalı olaraq Naxçıvana sərbəst, rahat gedişi üçün şərait yaradılmalıdır. Vətəndaşlarımız heç bir yoxlama proseduru olmadan Naxçıvana gediş-gəliş əldə etməlidir. Bunun nümunələrindən birini ABŞ Panama və Süveyş kanallarının timsalında ortaya qoyur. Azərbaycan da Zəngəzur dəhlizi məsələsində eyni nümunədən istifadə etməyə hazırdır və İrəvan bunu mütləq nəzərə almalıdır.
Tahir TAĞIYEV