Haaqa Məhkəməsi Bakıda mühakimə olunan ermənilər barədə şikayəti rədd etdi

Elşən Manafov: “...rəsmi İrəvanı məyus edib”
Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi aprelin 25-də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib.
“İttiham olunanlar məhkəmədə... narazı olmamaları barədə çıxışlar ediblər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, Ermənistanın separatçılar üzərində aparılan məhkəmə ilə bağlı müəyyən oyunlara getməsi gözlənilən idi: “Bakıda Qarabağdakı separatçı rejimin rəhbərləri üzərində keçirilən məhkəmə prosesinə təzyiq göstərmək məqsədilə bəllidir ki, Ermənistan Respublikası Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Ruben Vardanyan və daha 15 nəfərin işi ilə bağlı keçirilən məhkəmə prosesindən Beynəlxalq Ədalət Məhkəməsinə protest verən erməni tərəfi guya ki, ittiham olunanların saxlanma şəraiti, habelə istintaq prosesləri zamanı onların hüquqlarının kobud şəkildə pozulması ilə bağlı iddia qaldırıb. Haaqa məhkəməsinin bu iddia ilə bağlı məsələyə münasibəti isə Bakıdakı məhkəmə prosesinin beynəlxalq qanunvericiliyin standartlarına cavab verdiyini göstərməklə, ittiham olunanların hüquqlarının pozulmaması ilə bağlı mövqe sərgiləmiş və bununla rəsmi İrəvanı məyus edib. Haaqa məhkəməsində ittiham olunanlarla Beynəlxalq Qırmızl Xaç Komitəsinin nümayəndələrinin dəfələrlə görüşməsi barədə məlumatlar var. Bundan əlavə Azərbaycan Respublikasının Ombudsmanı da, dəfələrlə ittiham olunanlarla görüşüb. Onların saxlanılma şəraiti ilə tanış olub. Bundan əlavə ittiham olunanlar məhkəmə prosesinin özündə də, məhkəmə və istintaqdan narazı olmamaları barədə çıxışlar ediblər. Beləliklə, məhkəmə prosesi separatçı rejimin Azərbaycan dövləti və xalqına qarşı cinayətləri barədə obyektiv məlumatların növbəti dəfə beynəlxalq birliyə çatdırılması işində Azərbaycan prezidenti tərəfindən informasiya müharibəsinin aparılması istiqamətində hücum diplomatiyasının növbəti uğuru olub. Azərbaycanda məhkəmə orqanlarının işində qanunçuluq və ədalət prinsiplərinin gözlənildiyini nümayiş etdirməklə ölkəmizdə hüquqi dövlət quruculuğunun uğurla aparılmasının təsdiqi olmuşdur”.
Vidadi ORDAHALLI