Britaniyalı akademik: Azərbaycan iqlim məsələlərində özünü ən səriştəli dövlətlərdən biri kimi göstərib

QHT-lər qlobal dəyişikliklərə nəzarət baxımından dövlətlərin milli maraqlarının keşiyində dayanan mühüm qurumlardır. QHT-lər, xüsusilə iqlim tədbirlərinin irəlilədilməsində əsas güc kimi qəbul olunmalıdırlar.
Bu fikirləri Böyük Britaniyanın “Loughborough” Universitetinin Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının direktoru, akademik Nabil Ayad aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum vasitəsilə Azərbaycan bu istiqamətdə yüksək töhfələr verir. “Bu gün Qlobal Cənub iqlim dəyişikliklərinin mərkəzində dayanır. Ən çox təsirlərə məruz qalan ölkələr məhz bu bölgədə yerləşir. Lakin bu çağırışlar qarşısında bizim böyük potensialımız var, öz ehtiyatlarımız və güclərimiz hesabına dayanıqlılığı təmin edə bilərik.
QHT-lər unikal bir gücə malikdirlər. Sosial kapitalın gücləndirilməsi nəticəsində daha səmərəli iqlim tədbirlərinin həyata keçirilməsi mümkündür. Azərbaycan bu sahədə özünü ən səriştəli dövlətlərdən biri kimi göstərib. Azərbaycanın irəli sürdüyü təşəbbüslər iqlim məsələlərində olduqca təsirli və müsbət nəticələr doğurur.
Müqavimətli və dayanıqlı gələcəyin təmin edilməsi baxımından QHT-lərin rolu əvəzsizdir. Onlar beynəlxalq iqlim təşviqatına öz töhfələrini verir və sübuta əsaslanan siyasi dəyişikliklərə təkan göstərirlər”, - deyə Nabil Ayad əlavə edib.
Forum iştirakçısı bu platformanın yaradılmasının QHT-lərin işlərini daha da qabağa aparmaq və onların fəaliyyətinə verilən yüksək dəyəri nümayiş etdirmək baxımından kifayət qədər vacib olduğunu deyib.
ZÜMRÜD