Ədalət Partiyasındakı qalmaqalda adı hallanan Meydan Babayev və Mütəllim Rəhimli kimdir?

Meydan Babayevin tərəfdarlarının bu günkü toplantısı baş tutmayıb...
Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı il martın 30-da keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar qurultay keçirərək birləşiblər. 1996-cı ildən isə İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri olub. 2001-ci ildə Ədalət Partiyası ADP-dən ayrılmaqla bərpa qurultayı ilə partiyanı yenidən təsis edib. 2001-2025-ci illlərdə Ədalət Partiyasına İ.İsmayılov sədrlik edib.
İlyas İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib.
Hazırda siyasi təşkilatın rəhbəri vəzifəsi boşdur. Partiya qurultay keçirib yeni sədr seçməlidir. Amma bu məsələ Ədalətdə ciddi fikir ayrılığı və qarşıdurma yaradıb.
Hazırda Meydan Babayevin tərəfdarları ilə Mütəllim Rəhimlinin tərəfdarları qarşıdurma vəziyyətindədir.
Partiyanın sədr müavini Mütəllim Rəhimli qurultayın keçirilməsini istəyir, Ali Məclisin sədri Meydan Babayev buna qarşı çıxır. Tərəflər bir-birlərinin qərarlarını tanımır.
Mütəllim Rehimlinin məlumatına görə aprelin 19-da Ali Məclisin toplantısı keçirilib və 17 may tarixində qurultayın keçrilməsi barədə qərar qəbul edilib. Meydan Babayev və tərəfdarları bu toplantıda iştirak etməyib. Daha sonra Meydan Babayev sədrin səlahiyyətlərini həyata keçirən şəxs kimi Ali Məclisin qərarına "veto" qoyub.
Bu gün - 26 aprel tarixində isə Meydan Babayevin tərəfdarları yenidən Ali Məclisin iclasını keçirməyə cəhd göstəriblər. Verilən məlumata görə ickas baş tutmayib.
İndiyədək dörd nəfər - Mütəllim Rəhimli, Meydan Babayev, Vüsalə Dadaşova və Elçin Qurbanov sədrlik iddiasını açıqlayıb.
Ədalət Partiyasının sədriliyinə iddia edən səxslərin siyadi karyerası barədə məlumat cəmiyyət üçün maraq doğurur. Ona görə də həmin namizədlər barədə bildiklərimizi oxucularımıza təqdim edirik.
Namizədlərdən biri olan Meydan Babayev 1992-ci ildə Naxçıvanda təsis edilən Azərbaycan Demokrat Partiyasının (ADP) 26 təsisçisindən biri olub.
1995-ci ildə ADP-dən bir qrup şəxslə birlikdə istefa verərək çıxıb. 1995-96-cı illərdə Xətai rayon İcra Hakimiyyətində işləyib.
1996-cı ildən Müsavat Partiyasına keçib.
1999-cu ildən Müsavat Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatına rəhbərlik edib.
2012-ci ildə Müsavat Partiyasından qalmaqallı şəkildə bir qrupla istefa verib. Bundan sonra Açıq Cəmiyyət Partiyasına (ACP) keçib.
2013-cü ildə ACP-dən istefa verib. 2014-cü ildən Ədalət partiyasına qəbul edilib.
Müsavat partiyasında olduğu müddətdə təxminən bir il Almaniyada siyasi mühacir olub və daha sonra İtaliyaya göndərilib. Oradan isə Azərbaycana qayıdıb.
Meydan Babayev sonrlar Ədalət Partiyası Ali Məclisinin sədr seçilib. İndi isə Ədalət Partiyasının nizamnanəsinə uyğun olaraq partiya sədrinin səlahiyyətlərini icra edir.
Digər namizəd Mütəllim Rəhimli 1994-cü ildən Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü, 1995-ci ildən Mətbuat xidmətinin rəhbəri olub. Mətbuat xidmətinin rəhbəri olduğu dövrdə - 1998-ci ildə media ADP-ni “İlin partiyası” elan edib.
2000-ci ildə Ədalət Partiyası ilə Azərbaycan Demokrat Partiyası ayrıldıqdan sonra Ədalət Partiyasına keçib və Təşkilati məsələlər üzrə sədr müavini olub. İndiyədək bu vəzifəni yerinə yetirir.
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə və 2006-cı ildə Milli Məclisə təkrar seçkilərdə İlyas İsmayılovun seçki qərargahının sədri olub.
2013 və 2018-ci illərdə Azərbaycan Respublikasının prezident seçkilərində Ədalət Partiyasının prezidentliyə namizədi İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi və seçki qərargahının rəhbəri olub.
2015, 2019 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə namizəd kimi iştirak edib.
2000, 2014, 2015-ci illərdə Ədalət Partiyasının təmsilçisi kimi Türkiyədə siyasi səfərdə olmuş və MHP və AK Parti-nin qurultayında qonaq qismində iştirak edib.
Növbəti namizəd olan Vüsalə Dadaşova 2020-ci ildə YAP siyahısından kənar, yəni "özbaşına" parlament seçkilərində namizəd olaraq iştirak etdiyinə görə partiya sıralarından qovulub.
2024-cü ilin sentybr ayında Vüsalə xanım Ədalət Partiyasının sıralarına qəbul edilib və partiya sədrinin müavini olduğu deyilir.
Sonuncu namizəd Elçin Qurbanovun atası İbad Qurbanov uzun illərdir ki, Ədalət Partiyası Xətai rayon təşkilatının sədridir. Elçin bəy özü isə Ədalət partiyasına 2001-ci ildə qəbul edilib. 2021-ci ildən isə Ədalət Partiyasının Ali Məclisi sədrinin birinci müavinidir.
Bu günlərdə Ədalət Partiyasında yaranan qalmaqalla bağlı açıq məktubla Meydan Babayevə müraciət edən Rahim Nuriyev Ədalət Partiyası Lənkəran rayon təşkilatının sədri və eyni zamanda Ali Məclisin üzvüdür. Rahim bəy Elçibəy hakimiyyəti dönəmində Cəlilabad rayon icra hakimiyyətinin başçısı olub. İxtisasca tarixçidir. Ədalət Partiyasının qurucularındandır və hazırda partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvüdür.
Dəniz NƏSİRLİ