Ukrayna Kurskda Putinin qələbəsini təkzib edir - vəziyyət ağırdır, ancaq döyüşlər davam edir…

Rusiyanın Kursk vilayətində qələbəsini elan etməsindən bir neçə saat sonra Ukrayna ordusundan diqqətçəkən açıqlama gəlib.
Kiyev Rusiyanın Kursk bölgəsində Ukrayna qüvvələrini tamamilə məğlub etdiyinə dair iddialarını rədd edir və bölgədə qarşıdurmaların hələ də davam etdiyini bildirir.
“Düşmən rəhbərliyinin Ukrayna qoşunlarının “məğlub olması” ilə bağlı bəyanatları təbliğat hiylələrindən başqa bir şey deyil. Əməliyyat vəziyyəti ağırdır, lakin qoşunlarımız öz mövqelərini saxlamaqda davam edirlər", - deyə Ukrayna Baş Qərargahının məlumatında bildirilir.
Qeyd edək ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya prezidenti Vladimir Putinə raport verərək Kursk vilayətinin Ukrayna ordusundan tamamilə geri alındığını bildirib. Gerasimov bölgədə Ukrayna ordusunun nəzarətində olan Qornal adlanan son yaşayış məntəqəsinin aprelin 26-da geri alındığını bildirib.
Putin isə hərbçiləri təbrik edərək deyib ki, “Kiyev rejiminin macərası tam uğursuzluqla başa çatdı”.
Qeyd edək ki, ötən il avqustun 6-da Ukrayna ordusu dövlət sərhədini keçib Rusiyanın cənubundakı Kursk vilayətinə daxil olaraq müharibədə yeni cəbhə açıb. Ukrayna qoşunları Sudja şəhəri və onun ətraflarında irəliləyərək ümumilikdə 28 yaşayış məntəqəsini ələ keçiriblər. Bir aydan sonra isə Rusiya ordusu Ukrayna ordusunun nəzarətində olan yaşayış məntəqələrini tədricən geri almağa başlayıb.
TAHİR