Gerasimov Putinə raport verdi - Kursk Ukrayna ordusundan tamamilə geri alındı…

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya prezidenti Vladimir Putinə raport verərək Kursk vilayətinin Ukrayna ordusundan tamamilə geri alındığını bildirib.
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Kursk bölgəsində təxminən 9 ay əvvəl, 2024-cü ilin avqustunda başlayan qarşıdurmalardan sonra həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Bölgədə Ukrayna ordusunun nəzarətində olan Qornal adlanan son yaşayış məntəqəsinin aprelin 26-da geri alındığını bildirən Gerasimov isə Ukrayna tərəfinin ümumi itkilərinin 76 mini keçdiyini bildirib.
Putin isə qalib gələn hərbi birləşmələri təbrik edib və Ukrayna ordusunun verdiyi itkilərin bütün döyüş xəttinə təsir edəcəyini bildirib: “Düşmənin Kursk sərhəd bölgəsində tam məğlubiyyəti qoşunlarımızın cəbhənin digər mühüm sahələrində uğurlu əməliyyatlar keçirməsinə şərait yaradır və Ukrayna rejiminin məğlubiyyətini yaxınlaşdırır”.
Qeyd edək ki, ötən il avqustun 6-da Ukrayna ordusu dövlət sərhədini keçib Rusiyanın cənubundakı Kursk vilayətinə daxil olaraq müharibədə yeni cəbhə açıb. Rusiya ordusu ilə şiddətli toqquşmaların baş verdiyi bölgədə Ukrayna qoşunları Sudja şəhəri və onun ətraflarında irəliləyərək ümumilikdə 28 yaşayış məntəqəsini ələ keçiriblər. Toqquşmaların ən intensiv olduğu ərazilər Sudjanski və Korenevski rayonları olub. Bir aydan sonra Rusiya ordusu Ukrayna ordusunun nəzarətində olan yaşayış məntəqələrini tədricən geri almağa başlayıb. .
TAHİR