ATƏT-in baş katibi Minsk Qrupu barədə hələlik konkret söz demədi...

Tural İsmayılov: “ATƏT rəhbərliyi də yaxşı başa düşür ki, ATƏT-in Minsk Qrupu çoxdan tarixin arxivinə qovuşub”
ATƏT-in Minsk Qrupunun buraxılması günün ən akual məsələlərindən biridir və Azərbaycanın tələbi budur ki, bu ölü qurumun saxlanılmasına heç bir zərurət yoxdur və o buraxılmalıdır.
Qurum Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılmışdı, bu istiqamətdə heç bir fəaliyyəti olmadı, yalınız Ermənistana dəstək verməklə yadda qaldı, Qarabağ münaqişəsini isə Azərbaycan özü həll etdi. Bu baxımdan, bu qurum öz legitimliyini çoxdan itirib və saxlanmasının heç bir mənası yoxdur.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun ləğv edilməsini Prezident İlham Əliyev dəfələrlə bəyan edib. Prezident aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edərkən deyib: “ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb”.
Prezident Əliyev keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib.
Ancaq ATƏT-in Baş katibi Feridun Sinirlioğlu bu təsisatın ləğv edilib-edilməyəcəyi barədə bir söz deməyib.
Məsələ ilə bağlı siyasi ekspert Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, artıq ATƏT rəhbərliyi də yaxşı başa düşür ki, Minsk Qrupu çoxdan tarixin arxivinə qovuşub: “30 il ərzində regionda sülhə heç bir töhfə verməyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktına göz yuman və problemin həllinə passiv mənada töhfə vermək imkanlarını nümayiş etdirməmiş ATƏT-in Minsk Qrupu kimi bir qurumun mövcudluğuna heç bir ehtiyac qalmayıb.
Azərbaycan haqlı olaraq belə bir qurumun mövcudluğunu istəmir. Biz Ermənistandan da bunu gözləyirik ki, real sülhlə bağlı səmimi düşüncələrə malikdirsə, onda Minsk Qrupunun ləğvi ilə bağlı onlar da ATƏT-ə müraciət etsinlər”.
T.İsmayılov təəssüflə bildirdi ki, bir çox məsələlərdə manipulyasiya edən Ermənistanın ATƏT-in Minsk Qrupu barədə məsələdə də öz üzərinə düşəni yerinə yetirmədiyini görürük. “Bütün hallarda ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Çünki hətta dediyimizin əksi olsaydı, yəni ATƏT-in Minsk Qrupu doğrudan da Azərbaycanla Ermənistan arasındakı münasibətə müsbət töhfə versəydi belə, bu gün artıq yenə də ona ehtiyac qalmazdı. Ancaq Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq özü öz ərazi bütövlüyünü təmin etdi və münaqişəyə son qoydu. O baxımdan ATƏT-in Minsk Qrupu birmənalı şəkildə buraxılmalıdır. Hesab edirəm ki, buradakı bütün əngəllərə, eyni zamanda bütün siyasi manipulyasiya cəhdlərinə baxmayaraq ATƏT-in Minsk Qrupu mütləq şəkildə ləğv ediləcək. Çünki bu prosesin hansısa bir alternativi ola bilməz” - deyə T.İsmayılov qeyd etdi.
İradə SARIYEVA