Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana gələrək bir sıra rəsmi görüşlər keçirib. Bu fonda prezident İlham Əliyevlə onun görüşündə Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir. Azərbaycan prezidenti bildirib ki, ölkə ilə Avropa İttifaqı arasında qazla yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq isə ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.
Kallas həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb, tərəflər birgə mətbuat konfransı da keçiriblər. Ceyhun Bayramov deyib ki, Aİ ilə Azərbaycan arasında son illər ərzində aparılan danışıqlarda məsələlərin 90 faizi üzrə razılıq əldə olunub: “Lakin bu illər ərzində prosesdə müəyyən durğunluq müşahidə olunurdu. Artıq bu məsələ də müzakirə edildi və razılıq əldə olundu ki, hər iki tərəf praktiki addımlar atacaq. Doqquz ildən sonra Avropa İttifaqı ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir. Bu, əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir. Bu, Kaya Kallasla qısa müddətdə ikinci təmasımızdır. İlk dəfə ötən ilin dekabrında Maltada ATƏT XİN başçılarının görüşündə görüşmüşdük. Kaya Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına böyük töhfə verəcək”. Nazir tərəflər arasında sazişin daha da zənginləşdirilməsinin mümkün olduğunu ifadə edib. K.Kallas isə öz növbəsində deyib ki, Aİ Azərbaycanla Ermənistan arasında əlaqələrin gücləndirilməsi, sülh sazişinin dayanıqlı olması və təmin olunmasına yaxından dəstək verir. O bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Kallas Azərbaycanın Aİ-nin enerji təchizatında böyük rol oynadığını vurğulayıb. O, eyni zamanda, Azərbaycana Ukraynaya göstərdiyi humanitar yardıma görə təşəkkür edib. Qeyd edək ki, Azərbaycan Avropa İttifaqı ilə 2009-cu ildə imzalanan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqrama qoşulan altı ölkədən Ermənistan 2017-ci ildən Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb. Qalan ölkələrdən Ukrayna, Moldova və Gürcüstan bu qurumla çoxdan assosiasiya sazişləri imzalayıb. Üstəlik, Aİ həmin ölkələrə namizədlik statusu versə də, sonradan Gürcüstanla qanunvericiliyə edilən bir sıra dəyişikliklərlə bağlı əməkdaşlıq dayandırılıb. Belarus isə Aİ ilə ilk dönəmlərdən əməkdaşlığı dayandırmışdı. Azərbaycan da 2017-ci ildən Aİ ilə tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar aparsa da, yekun sənəd imzalanmayıb.
Bütün bunların əsas səbəblərindən biri də Aİ-də müəyyən qüvvələrin və şəxslərin Azərbaycaan qarşı qərəzli siyasət yürütməsi olub. Məsələn, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Jozep Borrelin Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırdığı heç kimə sirr deyil. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış etdi. Aİ Şurasının sabiq prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabr ayında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü baş tutub. Lakin 2023-cü ilin sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərdi. Xüsusilə sabiq Aİ komissarı Jozep Borrel Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirdi. Borrelin bu yanaşması, ermənipərəst mövqeyi bütövlükdə Avropa İttifaqının sülh səylərinə zərbə vurdu. Amma Borrelin xələfinin yanaşması fərqlidir və Azərbaycanal Ai arasında münasibətlərin düzəlmə ehtimalı da artır. Budan ən çox qazanan tərəflərdən biri isə elə Aİ-nin özü olacaq. Bunu Kaya Kallas da açıq etiraf edir.
Nahid SALAYEV