Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

Ermənistanda revanşist meyillərin hələ də olması ciddi narahatlıq doğurur. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistan ciddi şəkildə silahlandırılır: “İki gün əvvəl Ermənistanda kütləvi yürüş zamanı Azərbaycan və Türkiyəyə qarşı nifrət dolu çağırışlar edilib. Bənzər hadisə dünən Fransada da qeydə alınıb. Digər ölkələrin dövlət rəmzlərinin təhqir olunması cinayət əməlidir. Tərəflər bunu bilməlidir”. Bundan əvvəl isə daha bir maraqlı açıqlama Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri deputat Ramid Namazov tərəfindən parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə səsləndirlib. Onun sözlərinə görə, Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı hərbi təxribata əl ata bilər: “Fransa kimi dövlətlərin yardımı adı altında gələcəkdə Ermənistanın hansısa beynəlxalq hərbi əməliyyatlara, o cümlədən Avropa İttifaqı tərəfindən aparılacaq missiyalara hazırlanması prosesi bir daha onu deməyə əsas verir ki, Cənubi Qafqazda yeni münaqişə ocağının yaradılması iki ssenari üzrə inkişaf edə bilər. Bunlardan biri kimi, Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı hərbi təxribata əl atır və regionda yeni müharibə alovu yaranır. İkincisi isə ondan ibarətdir ki, qonşu dövlətlərin birinə, misal üçün, İrana qarşı Qərbin aparacağı əməliyyatlara Ermənistan da cəlb edilir”. O əlavə edib ki, Vətən müharibəsindən sonra Qərbi Azərbaycana - Sünik vilayətinə xarici qüvvələrin marağı artıb: “Ermənistanın kapitulyasiya aktında Naxçıvanla Azərbaycanın Qərb rayonlarını birləşdirən yeni kommunikasiya xətlərinin inşası qeyd edilir. Fransızlar isə Sünikin ən az məskunlaşmış bölgə olmasına baxmayaraq, oranın Cənubi Qafqazda mərkəz rolu oynadığını bildirirlər. Çünki Sünik Azərbaycan və İranla həmsərhəddir". Qeyd edək ki, Fransa regionda sülhə dəstək vermək əvəzinə bu gün Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır. artıq o da sirr deyil ki, Fransa hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyətin ifşa olunaraq zərərsizləşdirilməsi də qeyd edilənlərin təsdiqidir.
Hazırda Fransa Ermənistan vasitəsilə anti-Azərbaycan siyasətini davam etdirməyə can atır. Bunu erməni ekspert Hayk Ayvazyan da təsdiq edir: “Ermənistan bütün sahələrdə xaricilərin, Qərbin hakimiyyəti altındadır. Ona görə də hakimiyyət özbaşına qərar qəbul edə bilməz, onlara nə etməli olduğu deyilir. Hesab edirəm ki, regionumuzda sabit sülhü təmin edə biləcək yeganə dövlət Rusiyadır. Qərb isə Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində iştirak etməməsi üçün hər şeyi edir. Əgər bu rol olmasa, o zaman mövcud münaqişə daha da güclənəcək və yeni müharibəyə səbəb olacaq. Yəni, Qərb yeni müharibəyə təhrik edir və Fransa bu rolu öz üzərinə götürüb”. Son günlərdə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin müntəzəm pozulması halları da məhz bunlarln nəticəsidir. Bu halda Fransanın diqtəsi ilə Ermənistan yeni təxribatlar, sülh müqaviləsinin imzalanmasını təxirə salır, yeni eskalasiyaya yol açacaq hərbi təxribatlar üçün zəmin hazırlayır. Təmas xəttindəki mümkün gərginlik və sülh müqaviləsinin imzalanmasında yaranacaq fors-major situasiyalarda isə yenə də Fransanın diplomatik dəstəyi ilə Azərbaycanın hədəf seçiləcəyi şübhə doğurmur. Ermənistanın hərbi-siyasi rəhbərliyi iradə nümayiş etdirərək silahlanmaya, Fransanın təxribatçı, revanşist açıqlamalarına son qoymalı və Azərbaycanın sülh müqaviləsinin imzalanması və delimitasiya prosesi ilə bağlı ədalətli şərt və prinsiplərini qəbul etməlidir. Əks halda bunun ən böyük zərərini elə Ermənistan özü görəcək. Bundan başqa, rəsmi Paris dəfələrlə beynəlxalq təşkilatlarda Azərbaycana qarşı uğursuz sanksiyaların qəbul edilməsinə cəhdlər göstərib. Əslində, Fransa Ermənistana qarşı da səmimi deyil. Fransa hakimiyyətinin nə ermənilərə xüsusi rəğbəti var, nə də onların rifahı üçün çalışır. Əksi olsaydı, Fransa bu gün Cənubi Qafqazda sülh yaranmasında maraqlı olardı. Azərbaycan prezidenti İlham Əliyevin hələ 2023-cü il noyabrın 23-də “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində məsələ ilə bağlı qeyd edirdi: “Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda - Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır”.
Samirə SƏFƏROVA