Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

Çin ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin bərpası çərçivəsində Avropa Parlamentinin deputatlarına tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı Çinlə apardığı müzakirələr son mərhələdədir.
Avropa Parlamentinin sədri Roberta Metsola məsələ ilə bağlı bildirib: “Çin hökuməti sanksiyaların götürüldüyünü rəsmən təsdiqlədikdən sonra əvvəlcə parlamentdə qrup liderlərini məlumatlandıracaq. Həmişə Avropa Parlamentinin niyyəti sanksiyaların götürülməsi və Çinlə münasibətlərin bərpası olub”. Sanksiyaların aradan qaldırılması ilə bağlı müzakirələr Pekinin ABŞ prezident Donald Tramp administrasiyası ilə davam edən ticarət müharibəsi fonunda baş verir. Çinin ən böyük ixrac bazarı olan ABŞ-nin tətbiq etdiyi 145 faizlik tariflər qarşısında Pekin uzun illər davam edən gərgin münasibətlərdən sonra indi Aİ ilə əlaqələri yaxşılaşdırmağa çalışır.
Pekin 2021-ci ildə Avropa Parlamentinin bir neçə üzvünə qarşı sanksiyalar tətbiq edib. Bu addım Brüsselin Çin rəsmi şəxsləri və qurumlarına qarşı sanksiyalar tətbiq etməsindən sonra atılıb. Brüssel insan haqları pozuntularına, xüsusən də Sincan bölgəsində uyğurlar və digər müsəlman azlıqlara, həmçinin etnik qazaxlar və qırğızlara qarşı təzyiqlərə cavab olaraq Çinə sanksiyalar tətbiq edib. Ozamankı Avropa Parlamenti Çinlə ticarət əlaqələrini dərinləşdirmək məqsədilə hazırlanmış Aİ-Çin Hərtərəfli İnvestisiya Sazişinin təsdiqini dayandırıb. Sanksiyaların aradan qaldırılması ilə bağlı müzakirələr barədə ilk məlumatı Almaniyanın gündəlik “Süddeutsche Zeitung” qəzeti yayıb. Bu, hər iki tərəfin Tramp administrasiyasının təzyiqlər altında olduğu bir vaxtda baş verir. Eyni zamanda, iyulda Aİ və Çin Pekində sammit keçirməyə hazırlaşır. “Radio Free Europe”ə anonim danışan Aİ rəsmisi bildirib ki, sanksiyaların aradan qaldırılması üzərində iş aparılması doğrudur. Lakin Aİ rəsmisi əlavə edib ki, bu addım heç bir ticarət razılaşması əldə etmək məqsədi daşımır və Çinlə Hərtərəfli İnvestisiya Sazişi 2021-ci ildə Çin avropalı deputatlara sanksiya tətbiq etməzdən əvvəl maneələrlə üzləşmişdi. Onun sözlərinə görə, Pekinlə danışıqlar bir neçə aydır ki, davam edir və bu danışıqlar Tramp tərəfindən tətbiq edilən tariflərdən əvvəl başlanıb. “Rhodium Group” konsaltinq şirkətinin baş məsləhətçisi Noa Barkin deyir ki, Pekin sanksiyaların ləğvindən Brüssellə ticarət əlaqələrini gücləndirmək üçün istifadə etmək istəyir. Ukraynaya qarşı müharibədə Çinin Rusiyaya dəstəyi ilə bağlı Pekin sərt tənqidlərlə üzləşib. Həmçinin Avropa Komissiyası uzun illərdir ki, Çin şirkətləri və hökumətin ticarət siyasətini dərindən araşdırır. Barkin Aİ rəsmilərinə istinadən bloqunda yazıb: “Çin sanksiyaların ləğvinin CAI-nin canlanmasına gətirib çıxaracağına, Pekin və Brüsselin prezident Trampın başlatdığı qlobal ticarət müharibəsinin təzyiqi altında olduğu vaxtda Aİ-Çin əməkdaşlığı haqqında güclü siqnal göndərəcəyinə ümid edir”. İndilikdə gözlənilən odur ki, Çin və Avropa ilk növbədə ticarət dövriyyəsinin həcmini artıracaqlar. Bu zaman yüklərin mühüm bir hissəsi də Azərbaycan üzərindən keçəcək. Bu vəziyyətdə Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri, Azərbaycan ilə Çin arasında çoxşaxəli əməkdaşlığın inkişafının başlanması mühüm hal hesab olunur.
Ekspertlər hesab edir ki, sözügedən səfər təkcə ikitərəfli münasibətləri deyil, regional və beynəlxalq əlaqələr sistemindəki mövqeləri yerbəyer etmək baxımından önəmlidir. Azərbaycanla Çin arasında imzalanan razılaşmalar və əldə olunan razılıqlar, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə və regional inkişafın dəstəklənməsinə xidmət edəcək. Xüsusilə, “Kəmər, yol” təşəbbüsü çərçivəsində Azərbaycanın geostrateji mövqeyinin vurğulanması ölkəmizin Şərqlə Qərb arasında etibarlı tranzit və logistik mərkəz kimi rolunu daha da gücləndirir. Bakı-Tiflis-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələri Çinlə əməkdaşlıqda önəmli əlaqə nöqtələri kimi qiymətləndirilir. Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Kan Si qeyd edir ki, Çinin irəli sürdüyü “Kəmər, yol” təşəbbüsü ilə Azərbaycanın “Böyük İpək Yolu”nun dirçəldilməsi konsepsiyası və “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf strategiyası” arasında effektiv uzlaşmanın əldə edilməsinə nail olub: “Bu strateji uyğunluq hər iki ölkənin regional nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi və iqtisadi inteqrasiya proseslərinin sürətləndirilməsi sahəsində ortaq maraqlarının ifadəsidir. İkitərəfli investisiya əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi məqsədilə hökumətlərarası səviyyədə yeni işçi qrupunun yaradılması nəzərdə tutulur ki, bu da birgə layihələrin koordinasiyasını gücləndirməklə qarşılıqlı inkişafın davamlılığını təmin edəcək və uzunmüddətli tərəfdaşlıq üçün möhkəm institusional baza formalaşdıracaq”. Bu gün Çin Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri olan Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Çünki bu layihə Pekin üçün də böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması Çindən Avropaya uzanan yolun açılması baxımından da çox önəmlidir. Ona görə rəsmi Pekin ən yüksək səviyyədə Zəngəzur dəhlizinin açılması təklifinə dəstəyini ifadə edir. Bunlar həm də Çinin Azərbaycan üzərindən Avropaya daha çox məhsul satmasına zəmin yaradır.
Ramil QULİIYEV