Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

Təbriz Musayev: “Adətən marionet dövlətlərdə hansısa missiyanın bu dərəcədə geniş və toxunulmaz statusu olur”
Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında Avropa İttifaqının Ermənistandakı Missiyasının, yəni, EUMA-nın statusu ilə bağlı 2023-cü il dekabrın 8-də imzalanan razılaşma sənədinin 5-ci və 6-cı maddələrində Missiyaya, onun əməkdaşlarına verilən imtiyazlardan və immunitetlərdən söz açılır.
Məlum olur ki, Missiyaya aid obyektlərdən tutmuş sənədlərə kimi hər bir şey toxunulmaz hesab edilir. Ermənistanın hüquq mühafizə və ya xüsusi xidmət orqanlarının onlara qarşı hər hansı bir hərəkəti qadağan olunur.
Bu fikirləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri deputat Ramid Namazov parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə səsləndirib.
O bildirib ki, razılaşmaya əsasən, Missiyanın əməkdaşları heç bir halda həbs oluna və ya saxlanıla bilməz, Ermənistanın cinayət yurisdiksiyasından bütün hallarda toxunulmazlığa malikdirlər. Eyni zamanda, onlar fəaliyyətləri ilə bağlı dedikləri və ya yazdıqları fikirlərə görə mülki və inzibati məsuliyyətdən azad olunurlar, şahid qismində ifadə vermək məcburiyyətində deyillər. Ermənistan ərazisində onlar barəsində cinayət hüquqi və intizam tədbirlərini yalnız vətəndaşı olduqları ölkənin müvafiq qurumları həyata keçirə bilər.Sənədin 11-ci maddəsində göstərilir ki, Ermənistan rəsmiləri EUMA və personalı ilə tam əməkdaşlıq etməli, onları dəstəkləməlidirlər.
“Ermənistan da bu kateqoriyada olan ölkə olduğu üçün Aİ Missiyası bu imkanlara malikdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bunlar əslində Ermənistanın müstəqil dövlət olmamasının növbəti əyani sübutudur: “Ermənistan de-yure müstəqil dövlət olsa da, de-fakto bu, belə deyil. Belə baxanda əvvəl də belə idi. Əvvəl Ermənistan Rusiyanın maşası idi. 1991-ci ildə Ermənistan da müstəqilliyini elan etsə də, əslində Rusiyanın bir koloniyası idi. Xüsusən də Robert Köçəryan və Serj Sarkisyanın prezident olduqları vaxtlarda bu, özünü daha çox göstərirdi. Nikol Paşinyanın 2018-ci ildə küçə inqilabı ilə hakimiyyətə gətirilməsi əslində yeni bir oyun idi. Yəni Ermənistan necə deyərlər, ağasını dəyişirdi. Çox keçmədi ki, bu, özünü göstərməyə başladı. Ermənistan Qərbin çətiri altına keçməyə başladı. Bəlli idi ki, Paşinyan hakimiyyətinin Rusiya əleyhinə atdığı bir sıra addımlar, Moskvanın bu ölkədə təsirini azaltmaq üçün görülən konkret tədbirlər Avropa İttifaqında hazırlanıb. Əvvəl Bayden adminstrasiyası da bu işin içində idisə, Tramp prezident olandan sonra bu işlə yalnız Aİ məşğuldur. Əsasən də Aİ-də söz sahibi olan dövlətlərdən biri olan Fransa. Aİ-nin Ermənistandakı Missiyası əslində kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Adətən marionet dövlətlərdə hansısa missiyanın bu dərəcədə geniş və toxunulmaz statusu olur. Ermənistan da bu kateqoriyada olan ölkə olduğu üçün Aİ Missiyası bu imkanlara malikdir. Həqiqətən də Avroittifaqdan gələn təlimatlar əsasında bu ölkə idarə edilir. Missiyanın fəaliyyət zonasına daxil ola bilmirlər, səlahiyyətlərinə müdaxilə edə bilmirlər və s. Çünki Ermənistan formal olaraq müstəqildir, reallıqda bunun tam əksidir. Sadəcə, əl dəyişdirirlər. Məqsəd odur ki, Rusiyanın orda mövcudluğunu tam ortadan qaldırıb Aİ-nin mütləq hegemonluğunu təmin etməkdir. Bütün oyunlar buna hesablanıb”.
Vidadi ORDAHALLI