18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

Qənirə Pirquliyeva: “Bu adamın istifadə etdiyi materiallar Ermitaj və bəzi olkələrdə yerləşən muzeylərin fondlarının, həmçinin bəzi kolleksiyaçıların materiallarıdır”
Cənubi Qafqaza dünən gəldiklərinə baxmayaraq erməni alimləri bu ərazilərdə “qədim erməni izləri” axtarışından əl çəkmək istəmirlər.
İndiki Ermənistan ərazinin altını üstünə çevirib aşkarladıqları arxefaktlar saxtalaşdırıb erməni “nümunəsi” kimi qələmə verməklə kifayətlənməyib Şuşada, Naxçıvanda, Gəncədə, eləcə də Azərbaycanın digər ərazilərindəki arxefaktlara da əl uzatmağa cəhd edirlər. Bütün faktlar onların əleyhlərinə işləsə də, yenə də əməllərindən qalmırlar.
Bu günlərdə internet platformasında Aleksandr Akopyan adlı erməninin “Şərqi Ermənistanın Numizmatikası 1747-1828-ci illər" adlı kitabı barədə oxudum, kitabın PDF- də var. “Alim” kitabda Şuşada, Naxçıvanda, İrəvanda, Gəncədə zərb olunmuş sikkələrdən danış və onları mifik “Şərqi Ermənistana” aid edir. Belə bir ziyanlı təbliğatın aparılması bizim hər birimizi, xüsusən də bu sahənin tədqiqatı ilə məşğul olanları ciddi narahat etməlidir və edir də.
2016-cı ilin sentyabrında Sankt-Peterburq şəhərində keçirilən şərq numizmatikası üzrə “İCON II” İkinci Benəlxalq konfransda həmin bu A.Akopyanın öz məruzəsində Azərbaycan torpaqlarını “Şərqi Ermənistan” kimi qələmə vermək cəhdinin qarşısının diaspor və alimlərimiz tərəfindən alındığını mətbuatdan oxumuşuq. Görkəmli numizmat, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin mərhum müdiri olmuş professor mərhum Əli Rəcəbli konfransda iştirak edən xarici alimlər qarşısında çıxış edərək gerçəklikləri vurğulamışdı. Mərhum professor “bir azərbaycanlı numizmatı olaraq, bildirirəm ki, Azərbaycanın numizmatikası digər ölkələrin alimləri tərəfindən öyrənilir. Və bizim gənc kolleqamız Aleksandr Akopyan özünü, XVIII-XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlarının sikkələrinin araşdırmalarına həsr edib”-deyə saxtakar erməniyə lazımı mesajı vermişdi.
“Akopyanın məqalələri və kitabı ciddi numizmatlar tərəfindən qəbul edilmir”
A.Akopyanın başdan-başa saxtakarlıqdan ibarət olan kitabında əks olunan məsələlərlə bağlı BDU-nun “Arxeologiya və etnoqrafiya” kafedrası, tarix üzrə fəlsəfə doktoru, dosent Qənirə Pirquliyeva əlaqə saxladıq.
Qənirə Pirquliyeva bizə BDU-da keçirilən “Türk dünyası: ortaq tarixi - mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” konfrasında çıxış üçün yazıdığı “Qərbi Azərbaycanın (İndiki Ermənistan) numizmatik materialları” və “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji tədqiqatlarda konfransı üçün hazırladığı “Azərbaycana qarşı ərazi iddialarının “tarixi faktları” ermənilərin numizmatika üzrə bəzi əsərlərində” məqalələrini də təqdim və etdi və qısa açıqlama da verdi.
Q.Pirquliyeva “Bakı-Xəbər”ə “Hər iki məqalə universitetimizdə keçirilən konfranslarda təqdim olunub və çap edilib... Bu Akopyan ixtisasca tarixçi deyil. Hələ 2010-cu illərdən bu ixtisasa başlayandan əsas mövzusu Azərbaycan sikkələri ilə bağlı olaraq, dünya muzeylərində, xüsusilə Rusiya muzey fondlarındakı bizim xalqımıza aid sikkələri guya ki, araşdırmağa başlayaraq, buranın “Şərqi Ermənistan” olmasını sübut etməyə çalışır. Hələ epidemiyadan əvvəl Ermitajda keçirilən bir konfransda yenə də belə bir mövzuda çıxışı olacağını biz sosial şəbəkələrdən öyrəndik, müəyyən fikirlərimizi bildirdik. O zaman Milli Azərbaycan Tarix Muzeyində çalışan mərhum numziat alim Əli Rəcəbli Sankt- Peterburqa ezam edildi və öz çıxışı ilə bu faktları təkzib etdi və erməninin çıxışı ümumiyyətlə konfransdan çıxarıldı. Amma sonra bu adam eyni mövzu üzrə Tatarstanda Kazan Dövlət Universitetində dissertasiya müdafiə etdi. Bu gün erməni diasporu və dövləti onun üçün çox böyük köməkliklər edir. Adam demək olar ki, dünyanın hər yerində bizə aid olan numizatik materiallarla tanış olur, guya ki, yeni araşdırmalar aparır. Əlbəttə, Akopyanın məqalələri və kitabı ciddi numizmatlar tərəfindən qəbul edilmir. Amma maliyyə dəstəyi olduğundan yazdıqları hər yerdə çap olunur. Çıxış yolu bizlərə də dövlət və yaxud diaspora, imkanlı şəxslərin maliyyə yardımı olsa biz xalqımızın tarxinə aid olan sikkə materiallarını tədqiq edib bütün dünyaya bu adamın yazdıqlarının kökündən səhv olduğunu sübut edə bilərik. Çox təəssüf ki, belə bir dəstəyimiz heç vaxt olmayıb”-deyə bildirdi.
Q.Piriyeva “Azərbaycana qarşı ərazi iddialarının “tarixi faktları” ermənilərin numizmatika üzrə bəzi əsərlərində” məqaləsində yazır: “Yaşadığımız XXI əsrin ilk onilliklərində ölkəmizə qarşı ermənilər tərəfindən aparılan ərazi iddilarının “tarixi kökləri” ayrı-ayrı mənbələr tərəfindən təsdiq edilmək üçün qeyri elmi araşdırmalar çap olunaraq, dünya ictimaiyyətinə təqdim edilməkdədir. Bu mənbələr içərisində xüsusi bir kontekstdə son on ildə“yeni baxış” adı altında numizmatik materiallar analiz edilir. Bu cür tarixçi olmayan “erməni yalançı numizmat alimlərdən” internetdə geniş şəkildə reklamı həyata keçirilən, xüsusi səhifədə əsərləri yayımlanan A.Akopyan adında birisinin son kitabını göstərmək olar. 2023-cü ildə A.Akopyan İrəvanda “Şərqi Ermənistanın numizmatikası (1747-1828)”adlı monoqrafiyanı rus dilində çap etdirmişdi. Bundan əvvəl o, eyni mövzunu Kazan Universitetində doktorluq mövzusu olaraq, müdafiə etmişdi”.
Əsərin adındakı yer adını, müəllif tarixin heç bir dönəmində mövcud olmayan “Şərqi Ermənistanın”sərhədlərini göstərərək yazır ki, bura tarixi Ermənistanın Ayrarat, Qoxtn, Syünik, Arçax, Quqark, Utik daxil olaraq, müasir sərhədləri Ermənistan Respublikası, tanınmayan “Dağlıq Qarabağ”-Arçax” (artıq mövcud olmayan-İ.S), Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının daxil olduğu Kür-Araz ovalığını əhatə edir. Kitabda göstərilən coğrafiyadan keçən iki yüzildə aşkar edilən cürbəcür sikkələr, sikkə dəfinələri, həmçinin elmdə “ölü əşya” sayılan ayrı-ayrı şəxslərə aid edilən kolleksiyaların nümunələrinə görə göstərilən ərazilərin 1828-ci ilə qədər “Şərqi Ermənistan” dövləti olduğunu sübut etməyə çalışır. Bundan başqa, XVIII əsrin görkəmli dövlət xadimi olmuş Nadir şahın hakimiyyətə gəlişindən öncə “Şərqi Ermənistanın” cənubunda, konkret olaraq, Qafanda və Qarabağda 1722-ci ildə hansısa bir tarixdə rəsmi hakimiyyət izi olmayan Davud bəy tərəfindən sığnağın, yəni hərbi bölgənin yaradıldığını və burada C.Xanveyin məlumatlarına istinad edərək, “kind of republic” - respublika tipli dövlətin yaradıldığını yazır. Bundan sonra M.Brossenin səyanətnamə xüsusiyyətli məlumatlarına istinad edərək, səfəvi hökmdarı II Təhmasibin Davud bəyə “Qafanın hökmdarı” titulu verdiyni yazır. Amma guya ki, bu “hüququ” alandan sonra ona sikkə zərbi icazə verilsə də, öz adını göstərməməyi əmrini, yəni anonimlik hüququ verilmişdi. Dünya numizmatika elmində heç bir alim tərəfindən qeydə alınmayan bu cür sikkə nümunəsi Syünikdə elə müəllifin özü tərəfindən məchul bir məkandan tapılıb, amma nədənsə sikkədə yalnız səfəvilərə aid olan ikonoqrafik obrazdan başqa heç bir yazı, əlamət olmadığı qeyd olunur. Sikkənin aversindəki şir və günəş obrazına görə bu sikkəni müəllif XVII əsrin ikinci yarısı-XVIII əsrin əvvəllərinə aid edir.İkinci belə bir sikkə yenə də eynilə “cənubi Ermənistanda” Syünikdə tapılıb və üzərində zərb yeri Kaşan zərbi vardır. Bu iki sikkənin hər iki üzündə nəinki göstərilən adamın-yalançı hökmdarın adı yoxdur, ümumiyyətlə yer adı kimi Qafan, Qarabağ yoxdur. Halbuki elə bu səhifədə müəllif səfəvi şahının sərkərdəsi Nadirə əfqanları ölkədən çıxardığına görə Xorasanda sikkə zərbi hüququnu verdiyni və bu sikkələrin mövcudluğunu göstərir. Təkcə bu məlumat yetərlidir ki, müəllifin ümumiyyətlə, numizmatika elmindən mənbə kimi yararlanma metodundan xəbəri olmadığını və sadəcə öz dövlət siyasətinə xidmət etdiyini başa düşək. Dövlətçilik nişanəsi olan sikkələrin bu cür təhrif edilərək elmə təqdim edilməsi sözsüz ki, ümumiyyətlə tarix elmində belə bir problemin olmadığını, bununla da heç bir faktoloji sübuta ehtiyac qalmadığı tam olaraq təsdiqləyir”-deyə alim yazır.
Q.Pirquliyeva “Qərbi Azərbaycanın (İndiki Ermənistan) numizmatik materialları” məqaləsində görkəmli alimlərin fikirlərinə istinadən A.Akopyan kimilərinə tutarlı cavab verib: “...Rusiyanın Cənubi Qafqazı işğalından sonra yaradılan yeni respublikaların numizmatika elminin yaradıcısı olan Y.A.Paxomov hələ sovetlərin ilkin qurulduğu zaman çap etdirdiyi ilk sanballı iki əsər “Gürcüstanın numizmatikası” və “Azərbaycanın numizmatikası” adlandırılmış və bununla da alim bizlərə və dünya “sikkəşünaslar cameəsinə” bir daha çatdırmışdı ki, Ermənistan numizmatikası anlayışının bu coqrafiyaya heç bir aidiyyatı yoxdur. Müdrik alim 1929-1966- ci iilərdə çap etdirdiyi 9 cildlik əsərinin adında yenə də Ermənistan yer adını yazmamış və əsəri “Azərbaycanın və Qafqazın digər respublikaları, vilayətləri və diyarların pul dəfinələri” adlandırmışdı. Bu əsərin birinci cildində alim xüsusi olaraq qeyd edir ki, Cənubi Qafqazda gələcəkdə sərhədlər dəyişə bilər. Bu baxımdan sikkələrin tapıldığı yer adları tarixən necə varsa, elə də saxlanılıb. Bu fakt bu gün də bizlərə bir çox elmi nəticələri təsdiqləməyə və ya sonradan qəbul edilən bəzi adları inkar etməyə imkan verir.
Ayrıca Qərbi Azərbaycanın paytaxtı olan İrəvan şəhərinin xanlıq dövrü sikkə zərbi haqqında ciddi elmi araşdırmalar keçən əsrin sonlarında o zamanlar Azərbaycanda yaşayan numizmat alim Y.Sinitsina tərəfindən həyata keçirilmişdi.
Azərbaycanda numizmatika elminin inkişafında mühüm yer tutan M.Seyfəddini və Ə.Rəcəblinin əsərlərində bu məsələyə ayrıca olmasa da, qismən xanlıqlar dövrünün ticarət münasibətləri kontekstində müəyyən yer verilmişdi.
Ermənilərdən Qərbi Azərbaycan ərazisindən aşkar edilən sikkələr haqqında geniş araşdırma sovetlər zamanında X.Muşeqyan tərəfindən ilk dəfə 1968-ci ildə kitab şəklində çap edilmişdi. Kitabda araşdırmaya cəlb edilən bütün sikkə materialları Rusiyanın Ermitaj muzeyindəki sikkələrdən ibarət olmuşdu. Onun yazdığına görə, bunun səbəbi Ermənistan muzeylərində konkret olaraq, İrəvan şəhərinə aid olan numizmatik materialların olmaması faktı ilə bağlı olmuşdu. Müstəqillik illərində nəinki İrəvan xanlığı, ümumilikdə Azərbaycanın xanlıq dövrü numizmatikası problemləri ilə tarixçi numizmat olmayan, erməni mənşəli A.Akopyan adlı birisi məşqul olmaqdadır. Bu adamın istifadə etdiyi materiallar Ermitaj və bəzi olkələrdə yerləşən muzeylərin fondlarının, həmçinin bəzi kolleksiyaçıların materiallarıdır”.
Fikrimizcə, Q.Pirquliyevanın tarixi faktlara, böyük alimlərə istinadən qeyd etdikləri A.Akopyanın saxta kitabının çirkin mahiyyətini tamamilə açıb ifşa etmək baxımından çox dəyərlidir. Amma bununla belə düşünürük ki, bu sahədə daha böyük işlər görülməli və bu sahə ilə məşğul olan alimlərə stimul verilməli, onlara dəstək göstərilməlidir. Çünki erməni saxtakarlığı davam etdikcə onların cavabı vaxtında lazımı səviyyədə verilməlidir.
İradə SARIYEVA