Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

Sahil Kərimli: “Bu Türkiyə Rusiya münasibətlərinə ciddi zərbədir”
Erməni diasporunun, onların arxasında duran qüvvələrin, müəyyən dövlətlərin və mərkəzlərin düyaya yaydığı qondama “erməni soyqırımı” epidemiyasına “yoluxanların” olduğunu görürük.
Çox təəssüflər olsun ki, sözdə “genosidi” əlində bayraq edib yalanlar danışanlar, timsah göz yaşları axıdanlar az deyil. Özü də hər kəs bilir ki, belə bir hal baş verməyib və bu ermənilərin, eləcə də onlara simsar olanların Osmanlı Türkiyəsinə atdıqları şər-böhtandır.
Rusiya rəsmiləri arasında “erməni soyqırımı” şousuna dəstək verənlər olduğu məlumdur. Rusiya səfirliyinin müşaviri Maksim Seleznyovun “göz yaşı” tökməsinin ardından Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da həqiqətəuyğun olmayan fikirlər söyləyib.
Brifinqdə M.Zaxarova “Tarixi sübutlara görə, 1915-ci ildə II Nikolayın əmri ilə Rusiya-Türkiyə sərhədini açan Rusiya İmperator Ordusunun Qafqaz Ordusu nə az, nə çox, 350 min ermənini xilas etdi" - deyib.
M.Zaxarova nə danışdığını özü də bilmir. Hansı 350 min ermənidən söhbət gedə bilər ki?
Zaxarovanın bu 350 min erməni söhbəti Türkiyə ilə münasibətlərə necə təsir edə bilər?
“Zaxarovanın səsləndirdiyi 350 min erməni məsələsi Türkiyə ilə münasibətlərdə yenə də ciddi problemlərə gətirib çıxaracaq”
Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Zaxarovanın bu açıqlaması Rusiyanın əsl mahiyyətini və ermənipərəst siyasətini bir daha biruzə verir. “Bu məsələni eyni zamanda Rusiyanın türk dünyasına, xüsusilə də Türkiyəyə və Azərbaycana qarşı növbəti siyasi təzyiq vasitəsi kimi də qiymətləndirmək olar. Çünki elə bu günə qədər Ermənistanın Qərb və Avropa dairələri ilə yaxınlaşaraq Rusiyaya xəyanətlər etməsinə, ona arxasını çevirməsinə, müxtəlif zərbələr endirməsinə baxmayaraq Rusiya yenə erməni və “soyqırım” kartından öz maraqlarına uyğun istifadə edir. Bu gün qondarma erməni “soyqırımı” ilə bağlı bu açıqlamanı da Türkiyəyə qarşı bir təzyiq kimi qiymətləndirmək lazımdır.
Bu hardan qaynaqlanır? Son dövrlərdə Türkiyə dünyada çox böyük siyasi proseslərə müdaxilə edən, öz gücünü bir daha nümayiş etdirən bir ölkə kimi irəliyə çıxır. Biz həm də Suriyada, Yaxın Şərqdə cərəyan edən proseslərdə Türkiyəni çox fəal siyasət yürütdüyünü görürük. Təbiidir ki, belə bir proseslərdə Rusiya Türkiyənin bu siyasətindən qıcıqlanır və bu siyasəti qəbul etmək istəmir. Ona görə də, Zaxarovanın timsalında Rusiya yenə də öz iç üzünü ortaya qoyur”.
S.Kərimlinin fikrincə, Rusiya guya erməniləri müdafiə etməklə, “etməni soyqırımı” məsələsini yenidən qabardaraq gündəmə gətirməklə sanki Türkiyəyə təzyiq etmək istəyir. “Əlbəttə, bu Türkiyə Rusiya münasibətlərinə ciddi zərbədir. Zaxarovanın səsləndirdiyi 350 min erməni məsələsi Türkiyə ilə münasibətlərdə yenə də ciddi problemlərə gətirib çıxaracaqdır. Yəqin ki, anında Türkiyə hökuməti, Türkiyə siyasi dairələri Zaxarovanın bu sərsəm açıqlamasına çox ciddi, qətiyyətli, sərt təpkilər göstərəcəkdir. Bununla bağlı Türkiyə də öz mövqeyini ortaya qoyacaq” - deyə S.Kərimli vurğuladı.
Siyasi ekspert hesab edir ki, Rusiya XİN-nin sözçüsü Zaxarovanın bu fikri təxribatdır.
İradə SARIYEVA