Ermənistandakı Avropa missiyasının "casus-kəşfiyyat qurumu" olduğu tam sübuta yetirildi...

"Bugünədək Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb" - Ramid Namazov
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, milli maraqlara uyğun müstəqil xarici siyasət həyata keçirməkdədir. Bu isə Qərbdə, xüsusən də Avropa İttifaqı və onun üzv dövlətlərindəki bəzi dairələrin maraqları ilə üst-üstə düşmür. Nəticədə həmin dairələr Avropa İttifaqının və onun müxtəlif dövlət institutlarının arxasında gizlənərək, erməni lobbisinin sifarişləri ilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidlər, o cümlədən hibrid təhdidlər yaratmağa başladılar.
Bu sözləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov aprelin 24-də parlamentdə keçirilən “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra bu fəaliyyətlər daha aydın şəkildə özünü göstərməyə başlayıb.
Avropa İttifaqının Ermənistandakı missiyalarından danışan Ramid Namazov deyib: “Avropa İttifaqı və digər ölkələrdə hər hansı bir missiyanın yaradılması üçün hüquqi əsas olaraq iki şərt mövcuddur - ya tərəfdaş ölkənin dəvəti olmalıdır, ya da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi. Ermənistandakı missiyalara gəldikdə isə biz tamamilə fərqli mənzərə ilə qarşı-qarşıyayıq. Bu günə qədər Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb. Bunlardan biri və ya birincisi qismən hüquqi əsaslara söykənsə də, digər ikisi Azərbaycanın razılığı olmadan, ölkəmizin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına və suverenliyinə təhdid yaradan missiyalar kimi qiymətləndirilə bilər”.
Komissiya sədrinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında Avropa İttifaqının Ermənistandakı Missiyasının, yəni EUMA-nın statusu ilə bağlı 2023-cü il dekabrın 8-də imzalanan razılaşma sənədinin 5-ci və 6-cı maddələrində Missiyaya, onun əməkdaşlarına verilən imtiyazlardan və immunitetlərdən söz açılır. Məlum olur ki, Missiyaya aid obyektlərdən tutmuş sənədlərə kimi hər bir şey toxunulmaz hesab edilir.
O bildirib ki, razılaşmaya əsasən, Missiyanın əməkdaşları heç bir halda həbs oluna və ya saxlanıla bilməz, Ermənistanın cinayət yurisdiksiyasından bütün hallarda toxunulmazlığa malikdirlər. Eyni zamanda, onlar fəaliyyətləri ilə bağlı dedikləri və ya yazdıqları fikirlərə görə mülki və inzibati məsuliyyətdən azad olunur, şahid qismində ifadə vermək məcburiyyətində deyillər. Ermənistan ərazisində onlar barəsində cinayət hüquqi və intizam tədbirlərini yalnız vətəndaşı olduqları ölkənin müvafiq qurumları həyata keçirə bilər. Sənədin 11-ci maddəsində göstərilir ki, Ermənistan rəsmiləri EUMA və personalı ilə tam əməkdaşlıq etməli, onları dəstəkləməlidirlər. Onlara istənildiyi və ya zəruri hallarda lazım olan obyektlərə, ərazilərə və rəsmi nəqliyyat vasitələrinə, habelə sənədlərə, materiallara və məlumatlara effektiv girişi təmin etməlidirlər. On üçüncü maddəyə görə isə vəfat etmiş EUMA əməkdaşının ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə onun meyitinin göndərən ölkənin razılığı, EUMA və ya həmin ölkənin nümayəndəsinin iştirakı olmadan yarılması qadağandır.
“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının qənaətinə görə, Missiya və əməkdaşlarına bu cür imtiyaz və immunitetin verilməsi onlara Ermənistan daxilində kəşfiyyat və casus fəaliyyəti ilə rahat məşğul olmaları üçün əlavə şərait yaradır. Bu toxunulmazlıq hüququ EUMA əməkdaşına məsuliyyətə cəlb olunmadan ölkəni tərk etmək imkanı verir”, - deyə Ramid Namazov əlavə edib.
R.Namazovun sözlərinə görə, sözügedən sənədin 4-cü maddəsinin 6-cı bəndində göstərilir ki, EUMA personalı etibarlı milli, beynəlxalq sürücülük və ya pilot vəsiqəsi olduğu təqdirdə, bu ölkənin daxilində nəqliyyat vasitəsi sürə və hava nəqliyyatı vasitəsini idarə edə bilər.
R.Namazov bildirib ki, 7-ci bəndə görə isə, EUMA və personalı istifadələrində olan nəqliyyat vasitələri, avadanlıqlar və ləvazimatlar ilə Ermənistan ərazisində, o cümlədən onun hava məkanında sərbəst və məhdudiyyətsiz hərəkət edə bilirlər.
Səkkizinci bəndə görə, EUMA personalına öz fəaliyyətləri ilə bağlı heç bir rüsum, vergi və ya digər ödənişlər etmədən yollardan, körpülərdən və hava limanlarından istifadə etmək hüququ verilir. Razılaşmadan belə anlaşılır ki, EUMA personalı Ermənistan ərazisində təyyarə və ya helikopteri (bunlar hərbi məqsədlər üçün də ola bilər) istədikləri vaxt maneəsiz idarə etmək səlahiyyətinə malikdir. Prinsip etibarilə bu, EUMA-ya erməni pilotlara həm təlim keçməyə, həm də özlərinin hərbi əməliyyatlarda iştirakına imkan verir.
Ermənistanın Avropa Sülh Fondu vasitəsilə müharibəyə hazırlaşdırıldığını bildirən komissiya sədrinin sözlərinə görə, sülhün bərqərar olmasından daha çox bir tərəfə hərbi dəstəyin verilməsi üçün yaradılmış bu Avropa Sülh Fondu tərəfindən 2024-cü il iyulun 22-də Ermənistan Respublikasının Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində dəstəklə bağlı qərar verilir: “Məlumatlara görə, daha bir yardımın edilməsi gözlənilirdi, amma müəyyən səbəblərə görə təxirə salınıb”.
R.Namazov qeyd edib ki, Cozep Borrelin imzaladığı bu qərarın 1-ci maddəsi isə aşağıdakı məqsədləri ehtiva edir:
• Aİ-nin Ermənistan Respublikasına münasibətdə ümumi siyasətinə uyğun olaraq, Ermənistan Respublikası Silahlı Qüvvələrinin potensialının möhkəmləndirilməsinə töhfə verməklə ölkənin milli təhlükəsizliyini gücləndirmək, müdafiə sahəsində sabitliyini və dayanıqlılığını artırmaq;
• Ermənistan Respublikası Silahlı Qüvvələrinə əməliyyat səmərəliyini artırmaq, Aİ standartlarına uyğunluğu və qarşılıqlı fəaliyyəti sürətləndirmək, eləcə də böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin daha yaxşı qorunması imkanını vermək;
• Gələcəkdə Ermənistan Respublikasının Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (ÜTMS) missiyaları və əməliyyatlarında iştirakı ilə bağlı potensialını möhkəmləndirmək.
Onun sözlərinə görə, açıqlanan məlumatlara görə, yuxarıda qeyd olunan məqsədlərə çatmaq üçün görülən dəstək tədbirin maliyyələşdirdiyi logistika avadanlıqları batalyon böyüklüyündə şəxsi heyət üçün mobil səhra düşərgəsi, o cümlədən ilkin tibbi yardım məntəqəsi üçün nəzərdə tutulur.
"Beləliklə, Qərarın özündən də göründüyü kimi, mobil səhra düşərgəsinin salınması üçün Ermənistanın tentlər və digər avadanlıqlarla təchiz edilməsi, heç bir halda ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin yüksəldilməsinə xidmət edə bilməz.
Eyni zamanda, Ermənistan tərəfi ona verilən hərbi avadanlıqlar və digər əşyaların istifadəsi, yararlılığı və vəziyyəti ilə bağlı Aİ-yə illik əsasda, müntəzəm olaraq hesabat göndərməli və Avropa Sülh Fondunun auditorlarına onları yerində yoxlamaq üçün icazə verməlidir. Ermənistana verilən bu aktivlər itirilə və ya Fondun müvafiq komitəsinin razılığı olmadan başqasına verilə bilməz.
Qərarda, həmçinin qeyd edilir ki, Ermənistan tərəfi 2023-cü ilin noyabrında Aİ-yə rəsmi müraciət edərək ÜTMS missiyaları və əməliyyatlarında iştirak etmək üçün çərçivənin müəyyən edilməsi ilə bağlı danışıqlara başlamaq istəyini bildirmişdir", - o bildirib.