Kəşmir uğrunda dördüncü müharibə: Azərbaycanın müttəfiqi öz qonşusu ilə müharibə həddinə çatdı...

Azərbaycanın strateji tərəfdaşları sırasında yer alan Pakistanın Hindistanla münasibətləri yenidən ciddi gərginlik mərhələsinə qədəm qoyub. Hətta tərəflər arasında savaş da istisna olunmur. Hazırda Hindistan Pakistana qarşı aqressiv davranışını davam etdirir.
Son məlumatlara əsasən, Hindistan vizadan azad edilmiş bütün Pakistan vətəndaşlarını ölkədən çıxarır. Bu, Kəşmirin Pahalqam kurort şəhəri yaxınlığında həyata keçirilən terror hücumuna Yeni Dehlinin yeganə cavabı deyil. Qeyd edək ki, burada hindistanlı turistlərə açılan atəş nəticəsində 26 nəfər ölüb, ondan çox adam yaralanıb. Terrorçular hadisə yerindən qaçıblar. Daha sonra terror aktına görə məsuliyyəti Pakistan qruplarından biri üzərinə götürüb. Cammu və Kəşmir ərazisinin paytaxtından 50 kilometr aralıda yerləşən Pahalqam şəhəri yaxınlığında mülki vətəndaşların atəşə tutulması aprelin 22-də baş verib. Hücumu 7 nəfər həyata keçirib və Hindistan təhlükəsizlik xidmətlərinin məlumatına görə, onlardan 4-5 nəfəri Pakistandan olub. Hindistan ordusu və polisi cinayətkarları ətraf ərazilərdə axtarır. Hindistanın baş naziri Narendra Modi ölkədəki vəziyyəti izləmək üçün Səudiyyə Ərəbistanına səfərini yarımçıq dayandırıb. 2019-cu ildə yaradılmış “Müqavimət Cəbhəsi” adlı qrup Kəşmirdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb. “Müqavimət Cəbhəsi” Kəşmirin Hindistandan ayrılması uğrunda mübarizə aparır və həmçinin Hindistanın digər bölgələrindən olan insanların əraziyə məskunlaşmasına qarşı çıxır. Hindistan rəsmilərinin bildirdiyinə görə, “Müqavimət Cəbhəsi” Pakistan silahlı qruplaşmasının “Ləşkər-e-Taibə” bölməsidir və məqsədi bütün Kəşmiri Pakistanın hakimiyyəti altında birləşdirməkdir. 2020-ci ildən etibarən bu qruplaşma vaxtaşırı terror aktları və qətllərə görə məsuliyyəti öz üzərinə götürür. Halbuki, bunun Pakistana hansısa aidiyyatı yoxdur. Kəşmirdəki hücum son illərin ən dəhşətli terror aktı olub. Onu da qeyd edək ki, Kəşmir Himalay dağlarında 80 ilə yaxındır münaqişənin davam etdiyi mübahisəli ərazidir. Kəşmir münaqişəsi 1947-ci ildə 200 il Britaniya hakimiyyəti altında olan Britaniya Hindistanının Hindistan və Pakistana bölünməsi ilə başladı. Hindistan ərazisində əsasən hindular, Pakistan ərazisində isə müsəlmanlar yaşayırdı. 1947-ci il Hindistanın Müstəqillik Aktına əsasən, Kəşmir Hindistan və ya Pakistana qoşulub-qoşulmayacağına özü qərar verməli idi. Kəşmirin liderləri o vaxt ərazinin müstəqil olmasını istəyirdi, lakin Pakistan qəbilələri ilə mübarizə aparmaq üçün alınan kömək müqabilində bəzi liderlər Hindistana sığınmağa başladı. Pakistan o vaxt təslim olmayaraq Hindistan kimi bölgəyə qoşun yeritdi. Nəticədə Pakistan bölgənin üçdə birini, Hindistan isə üçdə ikisini işğal etdi. Kəşmirin Hindistan hesab edilən hissəsi Cammu və Ladax, Pakistan Kəşmiri isə Gilgit-Baltistan və özünü idarə edən Azad Kəşmir bölgəsidir. Kəşmir vadisində əsasən müsəlmanlar, Cammuda isə hindular üstünlük təşkil edir. Son 80 ildə Hindistan və Pakistan Kəşmir üzərində üç müharibə aparıb. 1999-cu ildə regionla bağlı üçüncü münaqişə ilə hər iki ölkə nüvə dövlətinə çevrildi. Bu gün Kəşmir mübahisə mənbəyi olaraq qalır: hər iki dövlət bütün əraziyə iddia edir, lakin yalnız 1947-ci ildə əldə edə bildikləri bölgələri idarə edir. Kəşmirin Hindistan və Pakistan hissələrinə bölünməsi hələ heç bir sənədlə təsdiqini tapmayıb.
Hindistanın idarə etdiyi Kəşmirdə Hindistan hakimiyyətinə qarşı silahlı müqavimət on illərdir ki, davam edir. Hindistan ənənəvi olaraq Pakistanı Kəşmir separatçılarını dəstəkləməkdə günahlandırır. Uzun müddət 10 milyon əhalisi olan Cammu və Kəşmirun hind tərəfinin nəzarətində olan hissəsi əhəmiyyətli muxtariyyətə malik olub: öz konstitusiyası, müdafiə və xarici əlaqələrdən başqa bütün məsələlərdə müstəqil qərarlar qəbul etmək imkanı olub, lakin bu, Hindistandan ayrılmaq məsələsinə gətirib çıxarmadı. 6 il əvvəl Hindistanın hakim partiyası oan “Bharatiya Janata” Cammu və Kəşmirin muxtariyyətini əlindən aldıqdan və bölgəni tam inteqrasiya etmək qərarına gəldikdən sonra durum daha da pisləşdi. Minlərlə yerli siyasi lider və fəalın həbs olunduğu Hindistan Kəşmirində təhlükəsizlik qüvvələrinin iştirakı əhəmiyyətli dərəcədə artıb. İnd də Hindistan hakimiyyəti bölgədə silahlı müqaviməti dəstəkləyən Pahalqamdakı terror aktında Pakistanı günahlandırır. Pakistanın özü isə ittihamları rədd edir və ölənlərlə bağlı başsağlığı verir. Lakin Hindistan artıq cavab tədbirləri görüb. Ölkənin Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasındakı Attari keçidini bağlayıb. Pakistanlıların vizadan imtina sxemi ilə ölkəyə girişi qadağan edilib. Üstəlik, artıq bu rejim altında ölkədə olan bütün Pakistan vətəndaşları 48 saat ərzində Hindistanı tərk etməlidirlər. Hər iki ölkədə su hüquqlarını tənzimləyən Hind Suları Müqaviləsi dayandırılıb. Hindistanda çalışan pakistanlı hərbi məsləhətçilər “persona non qrata” elan edilib. Hindistanın növbəti addımlarının nə olacağı hələ məlum deyil. Hindistan polisi Cammu və Kəşmirdə hücumda əli olmaqda şübhəli bilinən 1500-dən çox adamı həbs edib. Hücumun baş verdiyi ərazi ordu və polis tərəfindən patrul edilir, yollarda nəzarət zonaları yaradılıb. Bu arada, Kəşmir və Hindistanın hər yerində sakinlər ölülər üçün yas saxlayır, turistlər isə sifarişlərini ləğv edir və bölgəni dəstə-dəstə tərk edirlər.
Samirə SƏFƏROVA