Avroittifaq missiyası Ermənistan üzərindən İranın nüvə obyektlərini müşahidə edir...

“Avropa İttifaqı missiyası bölgəyə gələndən sonra hərbi fəaliyyətlərin sayı 3,5 dəfə artıb”. Bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, deputat Ramid Namazov deyib.
O bildirib ki, Avropa İttifaqı missiyasının personalının həmsərhəd ərazilərə tez-tez səfər etməsi və Fransa kimi ölkələrin verdiyi hərbi dəstək nəzərə alınsa, görülən işlər avropalı hərbi ekspertlərin nəzarəti altında NATO standartlarına uyğun həyata keçirilib: “Peyk görüntülərinin analizi zamanı məlum olur ki, Ermənistan Qərbin dəstəyi ilə həm də İran istiqamətində hərbi fəaliyyətlər həyata keçirir”. O qeyd edir ki, Avropa İttifaqının Ermənistandakı missiyası ölkədə casus şəbəkəsi yaratmaq istəyir: “Missiya üzvləri məktəblərdə gənclərlə görüşlər keçirir. Azərbaycan sərhədləri boyunca kəşfiyyat işləri aparır. Açıqlamalarında isə silahsız qurum olduqlarını, Azərbaycana qarşı hər hansı bir işlər görmədiklərini irəli sürülürlər”. R.Namazov onu da bildirib ki, Aİ-nin missiyasının Ermənistana gəlişindən sonra sərhəddə 70-yə yaxın hərbi təyinatlı obyektlərdə tikinti və yenilənmə işləri aparılıb: “Avropa İttifaqının missiyasının Ermənistana gəlişindən sonra səngər, xəndəklər, sığınacaqlar yaradılıb. Əsasən bunlar Sünik, Tavuş, Ararat, Vayots Dvor, Qeqhartkunik bölgələri olub”. Bütün bunlar Avropa İttifaqı missiyasının təkcə Azərbaycan və Rusiyaya qarşı yox həm də İran əleyhinə fəaliyyət göstərdiyini açıq şəkildə meydana qoyur. Burada daha bir mühüm məqam odur ki, Ermənistan müxtəlif bəhanələrlə Avropa İttifaqı missiyasının fəaliyyətini uzatmağa çalışır. Bu da regionda daha çox Qərb hərbçisinin mövcudluğu deməkdir. Onu da xatırladaq ki, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır. Çünki bu halda daha çox sayda Qərb hərbçisinin regiona gəlişinə zəmin yaranır. Artıq onların sırasına ABŞ və Kanadadan olan hərbçilər də yer alır. Deməli, Qərb regionda hərbi cəhətdən Ermənistan vasitəsilə möhkəmlənməyə çalışır. Bunu İranda da görürlər. Onu da qeyd edək ki, Avropa İttifaqının mülki missiyası 2022-ci ilin oktyabrında 2 aylıq müvəqqəti missiya adı ilə regiona gəlib və Azərbaycanla əldə olunmuş razılaşmalara zidd fəaliyyəti ilə seçilib. Amma Ermənistanın "açıq qapı" siyasəti sayəsində regiona daxil olan Avropa İttifaqı bu missiyanı fürsət bilərək fəaliyyətini genişləndirmək, Azərbaycanın razılığı olmadan şərti sərhəddə mandatını və missiya üzvlərinin sayını özbaşına artırmaq yolu tutub.
Bütün bunlar həm də Rusiya və İrana qarşı yönəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bu günlərdə bildirib ki, Fransa və Avropa İttifaqının Ermənistandakı fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməklə bağlı deyil, əksinə, regionda kənar müdaxilənin gücləndirilməsinə və sabitliyinin pozulmasına yönəlib: “Bəli, avropalıların, ilk növbədə fransızların öz geosiyasi məqsədlərinə nail olmaq üçün regional gərginliyin saxlanmasında maraqlı olduqlarını deməyə bütün əsaslar var. Onlar bizi inandırmağa çalışsalar da, Cənubi Qafqazda Parisin xoş niyyətlərinin olması ilə bağlı bizim heç bir illüziyamız yoxdur”. Diplomat qeyd edib ki, regionda gündəm gərginliyin azaldılması, normallaşma, sülh, quruculuq, yaradıcılıq prosesi ilə uzlaşmır: “Biz Avropa İttifaqının Ermənistandakı əsl məqsədlərinin nə olduğunu lap yaxşı bilirik. Onlar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək istəmir. Avropa İttifaqının nümayəndələrini casus müşahidəçi adlandırmaq olar. Onlar həm daxildə, həm də xaricdə Ermənistanla qonşu olan bütün dövlətlərə və ölkələrə qarşı işləyirlər”. Qeyd edildiyi kimi Aİ missiyası həm də İrana qarşı yönəlib. Rusiya və İranı sıx əməkdaşlıq telləri bağlayır. İranın Ermənistanla sərhədləri mövcuddur. İki ölkə arasında qarşılıqlı ticarət və əməkdaşlıq pik həddədir. Bu fonda nüvə silahı əldə etməyə çalışan İranın Ermənistandan müşahidəsi olduqca əlverişlidir. Amma İran bunlara hələ ki lazımi reaksiya vermir. Qərb isə Aİ missiyası vasitəsilə bölgədə hər vəchlə sabitliyə, əmin-amanlığa qarşı çıxır. Missiya oyunu da bu planın tərkib hissəsidir. Rəsmi Brüssel missiyanın mahiyyətinin Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə aparmaq, hesabat hazırlamaq və Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə səylərinə öz töhfəsini vermək olduğunu elan etsə də, missiyadan faktiki olaraq region ölkələri əleyhinə geniş şəkildə sui-istifadə olunur. Missiyanın Azərbaycana, qonşu İran və Rusiyaya qarşı casus və kəşfiyyat şəbəkəsi kimi fəaliyyət göstərməsi də bunu təsdiq edir.
Nahid SALAYEV