Azərbaycanın Çinlə yaxınlaşması Avropa üçün böyük üstünlüklər açır...

Bu gün Avrasiyanın nəqliyyat-logistika xəritəsində mühüm dəyişikliklər qeydə alınır. Prosesdə əsas rol oynayan tərəflərdən biri qismində isə Azərbaycan çıxış edir. Ölkəmiz xüsusən Çin və Avropa arasında daşımalarda getdikcə daha böyük rol oynamağa başlayır. Faktdır ki, indi Azərbaycan Çinin Avropaya açılan qapısıdır.
Ölkəmiz Çinin irəli sürdüyü “ Kəmər, yol” təşəbbüsünün vacib iştirakçısı və etibarlı tərəfdaşı olaraq layihəyə öz tranzit potensialı ilə mühüm töhfələr verir. Bu kontekstdə prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksəkdir səviyyədə olduğunu və əməkdaşlığın yeni mərhələyə keçəcəyini göstərir.
Qeyd edək ki, Azərbaycan ilə Çin arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və müxtəlif siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələrini əhatə edir. İki ölkə arasında dostluq münasibətləri də yüksək səviyyədə inkişaf edib və son illər daha da dərinləşib. 2024-cü il iyulun 3-də qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dövlətlərarası bağlılığı möhkəmləndirib. Bəyannamədə əməkdaşlığın gələcəkdə genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki dövlətin ümumi maraqlarının birlikdə müdafiə edilməsi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi razılaşdırılıb. Eyni zamanda, Bəyannamədə iki ölkənin dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduğu təsdiq edilib. Proseslərin inkişaf axarı Azərbaycanla Çin arasında iqtisadi münasibətlərin dərinləşəcəyini göstərir. Bundan isə Avropa da faydalanacaq. Xüsusən də Orta Dəhlizin əhəmiyyəti Azərbaycan sayəsində artacaq. Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Çinlə birləşdirən etibarlı marşrutdur, beynəlxalq əməkdaşlığın mühüm komponentidir. Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans Azərbaycanın Orta Dəhlizdəki logistik və infrastruktur imkanlarının əhəmiyyətinin böyük önəmə malik olduğunu vurğulayıb. Lord Evans bildirib ki, Azərbaycanın təkmilləşdirilmiş infrastrukturu və mövcud boru kəmərləri regionun strateji nəqliyyat dəhlizi kimi mövqeyini gücləndirir: “Bu amillər tədarük zəncirinin təhlükəsizliyini təmin edir ki, bu da xüsusilə indiki şəraitdə Qərb üçün həyati əhəmiyyət daşıyır”. Xəzər Siyasət Mərkəzinin Məsləhət Şurasının üzvü, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp Azərbaycanın nəqliyyat və logistika sahəsində artan imkanlarının təkcə ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi baxımından strateji əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin qurulmasında həlledici mövqe tutur. Ceyms Şarp xüsusilə Ələt limanının unikal geostrateji mövqeyinə diqqət çəkərək bildirib: “Bütün bu Orta Dəhliz marşrutları Ələtdə birləşir. Bu səbəbdən, Azərbaycanın Ələti nəqliyyat qovşağı kimi inkişaf etdirməsi son dərəcə vacibdir”. O əlavə edib ki, Azərbaycanın əhəmiyyəti yalnız tranzit funksiyası ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda məhsulun emalı, sənaye və istehsal sahələrinin inkişafı baxımından da böyük potensiala malikdir: “Xammalın sadəcə bir nöqtədən digərinə daşınması kifayət etmir. Sual yaranır: harada emal olunur? Harada əlavə dəyər yaradılır? Ələtin bu baxımdan inkişafı Azərbaycanın yalnız tranzit ölkəsi deyil, həm də sənaye və iqtisadi inkişaf mərkəzinə çevrilməsi üçün geniş imkanlar açır”.
Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında Transxəzər bağlantısında əvəzolunmaz rol oynadığını deyib. O, Azərbaycanın Transxəzər dəhlizinin əsas dayağı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizi üzərindən hərəkəti təmin etməklə yanaşı, Gürcüstan və Türkiyə vasitəsilə Qara dənizə çıxışı birləşdirir. E.Rudenşold əlavə edib ki, Azərbaycan həm yükdaşıma, həm də enerji sahəsində bu proseslərin əsas hərəkətverici qüvvəsidir. Avropa üçün strateji enerji tərəfdaşı kimi Azərbaycanın rolundan danışan Rudenşold ölkəmizin neft-qaz sahəsində əsas oyunçu olduğunu qeyd edərək deyib: “Azərbaycan Avropada sabit enerji təchizatçısı kimi çıxış edən və bu ölkələrin Rusiyadan asılılığını azaltmağa köməklik göstərən mühüm tərəfdaşdır”. Erik Rudenşold, həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birlikdə yaşıl enerji sahəsində əməkdaşlıq etdiyini və bu istiqamətdə inkişafın bölgə üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Orta Dəhlizin uğuru baxımından Azərbaycanın logistika və infrastruktur imkanlarını dəyərləndirən E.Rudenşold Azərbaycanın bu dəhlizin ən vacib elementlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, Qazaxıstandan və Türkmənistandan gələn bütün yüklər Bakı Limanında cəmləşir. Bakı Limanının inkişafı isə yüklərin daha sürətli və səmərəli şəkildə tranzitini mümkün edir. Rudenşoldun fikrincə, əgər Ermənistanla sülh əldə olunarsa, bu, Orta Dəhliz üzrə yükdaşımaların iki dəfə artmasına imkan verəcək əlavə bir dəmir yolu xəttinin istifadəyə verilməsi ilə nəticələnə bilər. O, Azərbaycanın bölgədəki digər ölkələr üçün də yeni imkanlar yaradaraq regional inkişafın önündə getdiyini bildirib. Burada xatırladaq ki, Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrini təmin edən strateji nəqliyyat marşrutudur. Bu dəhliz Xəzər dənizini, Qafqazı və Türkiyəni əhatə edərək, məhsulların sürətli və təhlükəsiz şəkildə daşınmasını məqsəd qoyur. Orta Dəhliz, xüsusilə Çinin " Kəmər, Yol" təşəbbüsü ilə əlaqəli olaraq mühüm nəqliyyat xətti kimi daha byük önəm kəsb edir.
Tahir TAĞIYEV