Erməni əsilli məhbus Bakı məhkəməsindən İrəvana səs atdı - “Xocalını...”

Arzuxan Əlizadə: “İşgəncə və ciddi nəzarət altında olan şəxs İrəvana səs yazısı necə göndərə bilər?”
Məhkəməsi gedən separatçı David Babayan ailəsi vasitəsilə Bakı həbsxanasından erməni mediasına audio mesaj göndərib. Separatçı səs yazısında iddia edib ki, guya Azərbaycan tərəfi onun Xocalı ilə bağlı ifadəsini təhrif edib:
“Hamınıza müraciət edib demək istəyirəm: narahat olmayın, biz yaxşıyıq. İndi yerli mətbuatda 1992-ci ildə İvanyan (Xocalı) hadisələri ilə bağlı dediklərimin tam əksi olan məlumatlar yayıldı. Onlar bunu öz tərzləri ilə şərh etdilər, mən isə bunun tam əksini dedim. Dedim ki, bu hadisələrə görə Azərbaycan tərəfi məsuliyyət daşıyır və bu, daxili hakimiyyət mübarizəsinin nəticəsidir. Üstəlik, mən heç vaxt deməmişəm ki, Xocalının azad edilməsi üçün mükafat var. Bu da səhv olaraq formalaşdırılıb. Bunu sabah məhkəmədə deyəcəyəm”.
Təcridxanada və məhkəmədə saxlanma şəraitindən, rəftardan danışan Babayan qeyd edib ki, vəziyyət normaldır, heç bir problem yoxdur: “Biz ailəmiz üçün çox darıxırıq və narahatıq”.
Burada erməni xislətinə xas riyakarlıq və həyasızlıq özünü göstərir. Birincisi, separatçıların məhkəməsi başlayandan ermənilər car çəkir ki, guya Bakı həbsxanasında onlara işgəncə verilir, psixoloji təsir göstərilir və s. Ancaq məlum olur ki, David Babayan Bakıdan İrəvana hətta səs yazısı göndərir. O zaman həbsxanada “işgəncə altında” bu necə baş verir? İkincisi, Babayan deyir ki, Xocalıda qırğını ermənilər yox, azərbaycanlılar törədib. Bu qədər yalan, riyakarlıq olar? Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist və yazar Tomas de Vallın “Qara Bağ” adlı kitabında verdiyi müsahibədə Xocalıdakı qırğını şəxsən belə etiraf edib: “Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Amma zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.
Bundan artıq nə sübut lazımdır ki?
“Axı öldürülən dinc insanların cəsədləri ermənilərin nəzarətində olan ərazilərdən toplanıb”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, ermənilərdən hansı riyakarlıq desən gözləmək olar: “Hansı saxtakarlıq, yalan desən gözləmək mümkündür. Bəli, bir ara belə təbliğat aparırdılar ki, guya Bakıdakı tədricxanada separatçılara psixatrop maddələr verilir, işgəncə verilir və s. O zaman necə olur ki, bu, separatçılar məhkəmədə ifadə verərkən özünü göstərmir? İşgəncə və ciddi nəzarət altında olan şəxs İrəvana səs yazısı necə göndərə bilər? Bütün bunlar əyani şəkildə erməni yalanlarını ifşa edir. Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsinə gəldikdə isə, bununla bağlı bütün sübutlar ortadadır. Ən azından, Xocalı şəhəri ermənilərin nəzarətində olan yaşayış məntəqələrinin əhatəsində idi. Bakının 1991-ci ilin payızından Xocalı ilə quru əlaqəsi kəsilmişdi. Çünki yol Əsgərandan keçdiyi üçün erməni quldurlar imkan vermirdi. Xocalıya bir sıra zəruri vasitələr helekopterlərlə çatdırılırdı. Belə olan halda Azərbaycan tərəfi necə özü bu qırğını törədə bilərdi? Axı öldürülən dinc insanların cəsədləri ermənilərin nəzarətində olan ərazilərdən toplanıb. Ən başlıcası, Xocalı qatili Serj Sarkisyanın bununla bağlı etirafları var. Deməyim odur ki, ermənilər murdar məxluqdular. David Babayan da onlardan biri kimi, istənilən vaxt mövqeyini dəyişə bilir. Təsəvvür edək ki, illər sonra separatçılar həbsdən azad edilir. Ermənistana çatan kimi hər şeyi danacaqlar. Deyəcəklər ki, “işgəncə altında” olduqları üçün elə ifadə veriblər. Yəni bunlardan hansı yalan desən gözləmək olar. Çünki başdan-ayağa saxtakardılar”.
Vidadi ORDAHALLI