Ermənistandakı qadın zorakılığı Azərbaycanda olsaydı... Mirzoyanın rüsvayçı etirafı...

Azər Həsrət: “Ermənistanda istənilən hadisə baş versə, beynəlxalq qurumlar dərhal kar, kor, lal olacaq, ancaq…”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumətin son iclasında Ermənistanda qadınların zorakılığa məruz qaldığını etiraf edib. O bildirib ki, Ermənistanda qadınlara qarşı zorakılıq və xüsusən də məişət zorakılığı var:
“Bizim cəmiyyətdə elə mövzular var ki, süfrə arxasında gözəl sözlər söyləmək, tost qaldırmaq adətdir, amma real həyatda qadınlara qarşı tamamilə əks davranış nümayiş etdirilir”.
Bu gün Ermənistanda qadınların fiziki, məişət zorakılığına məruz qaldığı rəsmi şəxslər tərəfindən etiraf edilir. Ancaq maraqlı məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatlar məlum məsələ ilə bağlı hər hansı bir fikir belə səsləndirmir. Ancaq Azərbaycanla bağlı ən xırda detalı belə qloballaşdırırlar. Bu isə həmin qurumların ölkəmizə qarşı hansı münasibətdə olduğunu göstərir.
“Bu gün Ermənistanda tək qadınların deyil, eyni zamanda, jurnalist hüquqları da kobud şəkildə pozulur”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanda istənilən hadisə baş versə, beynəlxalq qurumlar dərhal kar, kor, lal olacaq. Heç bir reaksiya verməyəcəklər: “Azərbaycanda adi bir hadisə baş verən kimi dünyanın ən təhlükəli ölkəsi kimi dünyaya səs salıb, ölkəmiz haqqında yalan-yanlış məlumat yayırlar. Biz illərdir Ermənistanla bağlı narahatlığımızı səsləndiririk, ancaq diqqətə alınmır. Danılmaz faktdır ki, Ermənistan qadınları zorakılığa məruz qalır. Ancaq bu gün Ermənistanda tək qadınların deyil, eyni zamanda, jurnalist hüquqları da kobud şəkildə pozulur. Həmçinin, siyasi, insan haqları fəalları təqib edilir. Təəssüf ki, beynəlxalq təşkilatlar, xüsusilə Freedom House, Jurnalistlərin Müdafiə Komitəsi, Sərhədsiz Reportyorlar Təşkilatı və digərləri susqunluğa üstünlük verir. Ancaq Ermənistanla müqayisədə Azərbaycanda kiçik bir hadisə baş verən kimi adıçəkilən qurumlar və digərləri hərəkətə keçir, ölkəmizlə bağlı xoşagəlməz məlumatlar yayır, bu isə qərəzli, ikili yanaşmadır”.
Günel CƏLİLOVA