Ermənistan idmançıları Xankəndiyə gəlməsələr dünya dağılmaz...

Erməni mediasının verdiyi məlumata görə, jurnalistlərlə söhbətində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib ki, yaxın vaxtlarda Ermənistan idmançılarının III MDB Oyunlarında iştirakı ilə bağlı müzakirələr aparıb qərar qəbul edəcəyik.
O izah edib ki, iştirak müxtəlif amillərdən, o cümlədən təhlükəsizlik tədbirlərindən asılıdır, qərarlar hərtərəfli məlumat əsasında qəbul edilməlidir.
Bundan əvvəl Azərbaycanın erməni idmançılarını III MDB Oyunlarında iştiraka dəvət etməsi ilə bağlı məlumatlar yayılıb. Maraqlıdır ki, tədbir Azərbaycanın altı şəhərində, o cümlədən də işğaldan azad edilmiş Xankəndi şəhərində keçiriləcək.
Erməni mediasında bu barədə gedən informasiyada əvvəl Xankəndi şəhərinin adı dırnaqda yazılmışdı, aprdınca isə "işğal altında olan Dağlıq Qarabağın paytaxtı Stepanakert" ifadəsini yerləşdirmişdilər. Sonradan isə "Xankəndi" sözü ümumiyyətlə mətndən çıxarıldı. Bunun özü də onun göstəricisidir ki, Ermənistan hakimiyyəti idmançılarının Azərbaycanda keçirilən, xüsusilə də Xankəndidə təşkil edilən yarışda iştirak etməsində tərəddüd edir. Bu tərəddüdün əsası isə heç də Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın dediyi kimi təhlükəsizlik əsas məsələ deyil. Düzdür, erməni nazir əlavə edir ki, digər məsələlər də var. Amma diplomatik dildə həmişə məsələlərdən əsası dilə gətirilir, əlavələr isə "digər" ifadəsi altında ümumiləşdirilir. Janna Andreasyan isə ikinci, bəlkə də üçüncü dərəcəli olan təhlükəsizlik məsələsinin dilə gətirir, amma əsas məsələni ümumiləşdirilmiş formada ifadə edir.
Fikrimizcə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü səmimi olaraq tanıyıbsa, perspektiv planlarında qara fikirlər yoxdursa, onun idmançılarının Xankəndidə keçirilən yarışlarda iştirak etməsində heç bir problem yoxdur. Sözsüz ki, Azərbaycan hökuməti bütün idmançıların təhlükəsizliyini yüksək səviyyədə təmin edməyə qadirdir və bunu Ermənistan hökuməti də yaxşı bilir. Amma məsələnin siyasi-mənəvi tərəfi ondan ibarətdir ki, Ermənistan idmançılarının Xankəndini Azərbaycan şəhəri kimi qəbul edərək, orada Ermənistan bayrağı altında, qonaq qismində iştirak etməsi o deməkdir ki, rəsmi İrəvan səmimi olaraq Azərbaycanın ərazi bütövlüyünü və bu şəhəri 30 il işğalda saxladığını qəbul edir. Yox, əgər Ermənistan hakimiyyəti öz idmançılarını Xankəndidə keçirilən idman yarışlarına qatılmağına icazə verməyəcəksə, deməli Azərbaycan hökumətinin sübhələri haqlıdır - haqlı olaraq konstitusiyaya dəyişiklik və Minsk qrupunun buraxılması tələbini irəli sürür. Böyük ehtimalla, Ermənistan idmançılarını təhlukəsizlik məsələsini bəhanə edərək Azərbaycanda keçirilən idman yarışlarına buraxmayacaq. Bu isə Ermənistan hökumətinin sülhdə, barışda deyil, düşmənçilikdə maraqlı olduğuna ciddi sübhələr yaradır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü səmimi olaraq tanıyırsa, yarışın Bakıda və ya Xankəndidə keçrilməsində heç bir fərq olmamalıdır.
Yeri gəlmişkən xatirladaq ki, Ermənistan ötən il Bakıda keçirilən COP29-da da iştirak etmədi.
Belə çıxır ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməməklə yenidən işğalçı siyasətini davam etdirmək üçün uyğun fürsət gözləyir. Düzdür, bu fürsətin bir daha yaranacağı ehtimalı sıfra bərabərdir. Amma Ermənistan hakimiyyətinin davranışları onu göstərir ki, nə deməsindən, nələri etiraf etməsindən asılı olmayaraq, Paşinyan iqtidarı da əməldə öz sələflərinin missiyasını mümkün olduğu qədər davam etdirir. Əslində elə siyasət də mümkün olanları reallaşdırmaq elmidir. Siyasətlə mümkün olmayanları isə liderlər müharibə ilə reallasdırır. Ermənistanın Azərbaycanla müharibə etmək imkanı yoxdur. Ona görə də Paşinyan müharibədən danışmır, daha çox sülhdən danışır, amma sülh üçün əməli addımlar atmaqdan çəkinir - necə deyərlər, "tülkü həccə gedir". Ermənistan hökumətini isə buna cəsarətləndirən Azərbaycandan qaz dilənən Avropa İttifaqı və onun ayrı-ayrı üzv dövlətləridir. Amma onun bu "həcci" Azərbaycan hökumətini aldada bilməz. Kiminlə əməkdaşlıq edir-etsin, bizim beynəlxalq hüququn normalarına uyğun olan tələblərimizi yerinə yetirsin - Azərbaycan torpaqlarına göz dikməsin!
Akif NƏSİRLİ