Çin Əliyevin sülh gündəmini tam dəstəklədi - İrəvana birbaşa mesaj...

Bəhruz Quliyev: “Bununla Çin tərəfi Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyinə tam dəstəyini ifadə edib”
Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir. Bu barədə Pekində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da deyilir. Birgə Bəyanatı Prezident İlham Əliyev və ÇXR Sədri Si Cinpin imzalayıb.
“Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir”, - deyə Birgə Bəyanatda bildirilir.
“Bu sənəd təkcə diplomatik əlaqələrin möhkəmlənməsi deyil, həm də regional və qlobal miqyasda sülh...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev Çinin Azərbaycanın sülh gündəliyini dəstəkləməsini müsbət dəyərləndirdi: “23 aprel tarixində Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji əməkdaşlıq sahəsində əlamətdar bir sənəd imzalanıb. Birgə Bəyanatda qeyd olunur ki, tərəflər bir-birinin müstəqilliyini, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Xüsusilə, bununla Çin tərəfi Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyinə tam dəstəyini ifadə edib. O cümlədən, bölgədə qarşıdurmaya xidmət edən geosiyasi oyunların qeyri-məhsuldarlığını vurğulayıb. Fikrimcə, bu çox önəmli məqamdır. Azərbaycan tərəfi isə "vahid Çin" prinsipinə sadiqliyini bir daha təsdiq edərək, Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu bəyan edib və Çin hökumətinin ölkənin yenidən birləşməsi istiqamətində atdığı addımları dəstəklədiyini bildirib. Bu mühüm sənəd Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini və beynəlxalq arenada bir-birinin milli maraqlarına dəstək verən iki dost ölkənin münasibətlərinin daha da gücləndiyini nümayiş etdirir. Bu sənəd təkcə diplomatik əlaqələrin möhkəmlənməsi deyil, həm də regional və qlobal miqyasda sülh, inkişaf və qarşılıqlı faydalı tərəfdaşlığın təzahürüdür”.
Politoloq B.Quliyevin fikrincə, Azərbaycan və Çin arasında münasibətlər uzun illərdir ki, dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir: “Lakin bu sənəd iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - strateji tərəfdaşlıq səviyyəsinə. Bu, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, təhsil və texnologiya sahələrində əməkdaşlığın genişlənməsi üçün ciddi zəmin yaradır. Bu, təkcə iki ölkə üçün deyil, ümumilikdə Avrasiya məkanında inteqrasiya proseslərinə güclü təkan verəcək. Azərbaycan öz geosiyasi mövqeyinə görə Çinin Avropaya çıxışında mühüm tranzit ölkə rolunu oynayır və bu əməkdaşlıq bu potensialı daha da reallaşdıracaq”.
Vidadi ORDAHALLI