Avropa Ukrayna məsələsində Trampın qarşısında geri çəkilir – Kiyevi ərazi güzəştlərinə apara biləcək formul axtarışları başladı…

Almaniya, Fransa və Böyük Britaniya Ukraynanı bəzi ərazi güzəştlərinə apara biləcək kompromis formul axtarır. “Financial Times” yazır ki, Avropanın bu addımı Trampın səbrinin azalması və Vaşinqtonun mövqeyinin getdikcə sərtləşməsi ilə bağlıdır.
Qəzetə danışan mənbələrin sözlərinə görə, bu üç Avropa ölkəsi Kiyevin bütün “qırmızı xətləri”ni pozmadan danışıqların “son məqsədi” kimi hansısa ərazi güzəştləri ehtiva edən həll təklifi hazırlamağa çalışır. Ancaq, Ukrayna bu addımları yalnız “şərtsiz və tam atəşkəs” əldə edildikdən sonra nəzərdən keçirəcəyini bildirib. Tərəflər arasındakı bu prinsipial fərqə görə, Londonda dünən keçirilməsi planlaşdırılan xarici işlər nazirlərinin görüşü ləğv edilib.
Bu arada, “Financial Times” yazır ki, Avropa Birliyi ölkələri ABŞ administrasiyasına Krımın Rusiyaya aid olduğunun tanınmasını qəti şəkildə dəstəkləməyəcəkləri barədə məlumat veriblər. Adlarını açıqlamayan avropalı diplomatlar bildiriblər ki, bu addım təkcə Ukraynanın suverenliyinə xələl gətirməyəcək, həm də NATO daxilində birliyi təhdid edəcək. Aİ rəsmiləri açıq şəkildə bəyan ediblər ki, Krımın statusu və Kiyevin NATO-ya üzvlük istəkləri Avropa üçün “qırmızı xətt”dir.
Avropalı yüksək səviyyəli bir məmur qəzetə bildirib ki, bu mesaj açıq şəkildə Tramp administrasiyasına çatdırılıb. NATO-nun Avropadakı aparıcı üzvlərinin Vaşinqtonu bu fikrindən döndərməyə çalışdığı bildirilib və belə bir qərarın iyunun sonunda Haaqada keçiriləcək NATO sammitini də təhlükə altına ala biləcəyi vurğulanıb.
Bəzi Avropa rəsmiləri xəbərdarlıq ediblər ki, ABŞ-ın Krımla bağlı təklifi London, Berlin və digər Avropa paytaxtları ilə münasibətləri gərginləşdirməklə transatlantik təhlükəsizliyə zərbə vura bilər.
NATO sammitdə müdafiə xərclərinə yönəlmiş gündəm yaratmağa çalışır, lakin qeyd edilir ki, ABŞ-ın mövqeyinə görə, Ukrayna məsələsi alyans liderləri arasında ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
TAHİR