Türkiyənin nüvə alimlərinə sui-qəsd çağırışı... ABŞ-dan İsrailə ŞOK təklif...

Yaxın Şərqdəki qaranlıq əməliyyatları ilə tanınan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş rəsmisi Maykl Rubin türk alimlərini hədəf alan qalmaqallı açıqlamalar verib.
Canlı efirdə Türkiyənin adını açıq şəkildə söyləyən və türk nüvə alimlərinə sui-qəsd təklifini irəli sürən Rubin İsraili NATO-dan səssizcə hərəkət etməyə çağırıb.
Rubin “İsrail hədəfi açıqlamasa, NATO müdaxilə etməyəcək” deyərək türk nüvə fiziklərinə qarşı gizli əməliyyatlara bəraət qazandırmağa çalışıb.
Ailə Araşdırmaları Şurasının (FRC) "Washington Watch" proqramında danışan Rubin, Türkiyənin nüvə enerjisi proqramını "təhdid" kimi xarakterizə edərək, İsraili açıq şəkildə türk alimlərinə hücum etməyə çağırıb və bildirib ki, NATO qalxanı gizli sui-qəsdlərə şamil edilmir.
Rubin, Türkiyənin NATO üzvlüyündən həm qərarları bloklamaq, həm də NATO-nun 5-ci maddəsini qalxan kimi istifadə edərək mümkün hərbi münaqişə vəziyyətində özünü qorumaq üçün istifadə etdiyini iddia edib və bildirib ki, Türkiyə İsrailin nüvə proqramına qarşı mümkün hücumunun qarşısını almaq üçün bu maddədən “kozır” kimi istifadə edir: "İsrail İraqda (1981) və Suriyada (2007) nüvə obyektlərini dağıdıb. Ancaq Türkiyəyə qarşı belə bir müdaxilə onları NATO ilə qarşı-qarşıya gətirə bilər".
Bu strategiyanın qüsursuz olmadığını deyən Rubin iddia edib ki NATO-nun 5-ci maddəsi avtomatik işləmir: “Alyans üzvləri hücumun həqiqətən də xarici təhlükə təşkil edib-etmədiyini müəyyənləşdirirlər. Bu o deməkdir ki, İsrailin mümkün müdaxiləsi zamanı NATO Türkiyəyə dəstək vermək məcburiyyətində deyil”.
Rubin İsrailə məsləhət verərək deyib ki, NATO-nun kollektiv müdafiə bəndi gizli sui-qəsd əməliyyatları üçün işləmir.
"İsrail gizli şəkildə hərəkət edərsə və nüvə alimlərinin qətli ilə bağlı kəşfiyyat məlumatları sızdırmazsa, NATO-nun müdafiə mexanizmi işə düşməyəcək. Türkiyəyə qarşı sui-qəsdlər qarşısında NATO-dan heç bir kollektiv cavab olmayacaq” - deyə Rubin bildirib.
Rubinin açıqlamalarına görə, Türkiyənin nüvə sahəsində atdığı addımlar təkcə enerji təhlükəsizliyi kontekstində deyil, həm də geosiyasi kəşfiyyat müharibəsi üçün potensial cəbhə olaraq görülür.
TAHİR