Tramp Krım məsələsində israr edən Zelenskiyə sərt xəbərdarlıq etdi - ölkəni itirə bilərsən...

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Zelenskini Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etdiyinə görə kəskin tənqid edib və onu müharibəni uzatmaqda ittiham edib.
O, Zelenskinin Rusiya ilə barışa biləcəyini, əks halda müharibənin daha bir neçə il davam edəcəyini və sonda ölkəsini itirə biləcəyini deyib.
“Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. O, Krımı istəyirsə niyə on bir il əvvəl Rusiyaya atəş açılmadan təhvil veriləndə onun uğrunda mübarizə aparmadı? Ərazidə həmçinin, Obama tərəfindən təhvil verilməzdən uzun illər əvvəl Rusiyanın əsas sualtı bazaları da olub. Məhz Zelenskinin bu açıqlaması kimi qızışdırıcı bəyanatlar müharibənin həllini çətinləşdirir” - deyə Tramp sosial media hesabında bildirib.
Tramp deyib ki, vəziyyət Ukrayna üçün kritikdir - ya sülhü seçər, ya da daha üç il müharibəni davam etdirər və nəticədə bütün ölkəsini itirər: “Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur, amma hər həftə orta hesabla beş min rus və ukraynalı əsgərin boş yerə həyatını itirməsi məni narahat edir. Zelenskinin bugünkü bəyanatı yalnız "ölüm sahəsini" uzadacaq - bunu heç kim istəmir!".
Media mənbələrinin məlumatına görə, ABŞ-ın təklif etdiyi sülh planı Krımın Rusiyaya aid olduğunu qəbul etməyi və müharibə zamanı Rusiyanın ələ keçirdiyi ərazilərin Moskvanın nəzarətində qalmasını nəzərdə tutur. Bu plan ötən həftə Parisdə keçirilən görüşdə müzakirə olunub. ABŞ bu gün Londonda keçiriməsi planlaşdırılan görüşdə Ukraynadan rəsmi cavab almağı planlaşdırırdı. Lakin Zelenski görüşdən bir gün əvvəl verdiyi açıqlamada Ukrayna konstitusiyasına zidd olduğuna görə, Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacağını bildirib.
“Reuters”in məlumatına görə, Ukrayna tərəfi ərazi məsələlərinin yalnız atəşkəs əldə edildikdən sonra həll oluna biləcəyini deyir. Bu yanaşma isə Vaşinqtonda birmənalı qarşılanmayıb və ABŞ dövlət katibi Marko Rubio Londona planlaşdırılan səfərini ləğv edib. Londonda nazirlər səviyyəsində planlaşdırılan bugünkü görüş isə baş tutmayıb.
TAHİR